ABŞ hərbi dəniz qüvvələri və Raket Əleyhinə Müdafiə agentliyi ballistik raketin ələ keçirilməsini uğurla sınaqdan keçirib.
Bu, ardıcıl olaraq raket əleyhinə Aegis Ashore sisteminin SM-3 raketindən istifadə edilməklə orta mənzillli ballistik raketin ələ keçirildiyi ikinci sınaqdır.
Ballistik raket ABŞ Hərbi Hava qüvvələrinin C-17 təyyarəsindən okean üzərində Havay adalarından minlərlə kilometr məsafədən buraxılıb.
Raket Əleyhinə Müdafiə agentliyinin direktoru general-leytenant Sam Qrives sınağın keçirilməsinə cəlb olunmuş hərbi qüvvələrin üzvləri, mülki əməkdaşlar və kontraktorları alqışlayıb və sistemin müdafiə xarakteri daşıdığını vurğulayıb.
“Sistem Birləşmiş Ştatların, ölkənin hərbi qüvvələri, müttəfiqlər və dostların real və artmaqda olan ballistik raket thəlükəsindən müdafiə edilməsi məqsədi daşıyır” – deyə, o bildirib.
Bundan əvvəlki uğurlu sınaq oktyabr ayında keçirilmişdi. Birləşmiş Ştatların əvvəlki iki sınağı isə uğursuz nəticələnib. Bunlardan birincisinin səbəbi raket mühərrikinin işində yaranmış fasilə, iyulda keçirilən ikinci sınağın baş tutmamasnın səbəbi isə dənizçinin verdiyi səhvlə əlaqədar olub.
Bu həftə sınaqdan keçirilən raket müdafiə sistemindən Sakit okeanın qərb regionunda istifadə ediləcək.