Accessibility links

Koronavirus ABŞ-da kiçik biznesləri batırır


Hələ koronavirus qorxusu ABŞ-a çatmazdan bir neçə ay əvvəl Vaşinqton şəhərinin yaxınlığında bir ailəyə məxsus “Mediterranean Breeze“ (Aralıq dənizinin mehi) adlı yunan restoranının işi yavaş gediri.

Restoranın sahibi və baş aşpazı Terri Kasotakislə restoranın meneceri Pol Conson o qədər də bədbin deyildilər. Onlar havanın istiləşməsini gözləyirdi.

"Yanvar və fevral aylarında bizim hamımıza zərbə dəydi. Səbirsizliklə aprel ayını gözləyirik, çünki bizim açıq havada böyük bölməmiz var və çox populyardır. Orada çox adam olur" - deyə, Conson bildirir.

Keçən həftə Virciniya ştatının yeməkxanalarının biznesi 90 faiz aşağı düşüb.

"Bu dəhşətdir, dəhşət. Bu bizi narahat edir. Çoxumuz bunun sonunun nə olacağını bilmirik" deyir Conson.

Virciniya ştatının hüquq-mühafizə orqanları restoranlarda 10 nəfərdən artıq insanın olmasına icazə vermir. ABŞ-ın bir sıra ştatı koronavirusun yayılmasının qarşısını almaq üçün daha ağır məhdudiyyətlər qoyur.

Kaliforniya, Konnektikut, Ohayo, İllinoys, Nyu-York, Nyu-Cersi, Massaçusets və Vaşinqton ştatlarının qubernatorları restoran və barların bağlanmasına və evə sifarişlərə məhdudiyyət qoyulmasına göstəriş verib.

ABŞ Konqresi koronavirusun təsirinə məruz qoyduğu kiçik bizneslərə kredit verilməsi məsələsini nəzərdən keçirir. Bu kreditlər həmin bizneslərin itkilərini tam ödəməsə də, onların ayaqda qalmasına imkan verə bilər.

"Kiçik restoranlarla bağlı problem ondaqdır ki, siz bağlasanız belə sığorta ödəməlisiniz, elektrik enerjisi ödəməlisiniz, kirayə haqqını da ödəməlisiniz. Beləliklə, altı həftə ərzində bu ödənişləri etmək üçün kifayət qədər borc ala bilsəniz də, yenə də pul itirirsiniz. Ancaq bu borcla biznesinizi yenidən aça bilərsiniz. "

San-Fransisko yaxınlığındakı Foster City-nin "Waterfront Pizza" restoranının sahibi Ənvər Halteh gəlirinin 70 faizini itirəcəyini bilsə də, suyun kənarında, mənzərəli bir yerdə olan biznesinin batmayacağına inanır.

"Mən gəlirin bəlkə də 30 faizinin evə sifarişlərlə əldə edəcəyimə ümid edirəm. Lakin vəziyyəti düzəltmək üçün xərclərimizi 80 faiz azaltmışıq. Mən işçilərin çoxunun evdə qalmasına icazə verdim, çünki masaya yemək daşıyanlara ehtiyacım yoxdur. Beləliklə, bütün restoranda yalnız üç nəfər saxlamışam - restoranı təmizləyən və yemək bişirəni" - deyə, o bildirir.

Kiçik sahibkar olaraq Halteh heç bir işi olmayan işçilərə maaş verməyə davam edə bilmədiyini deyir. Lakin o, işlərin normala dönəcəyinə ümid edir.

XS
SM
MD
LG