Rusiya lideri Şərqi Avropada təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini artırdığı bir vaxt, Prezident Co Bayden ilə Vladimir Putin arasında cümə axşamı telefon söhbəti olacaq.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Hornun bildirdiyinə görə liderlər " qarşıdan gələn diplomatik görüşlər də daxil olmaqla, bir sıra mövzuları müzakirə edəcəklər."
Danışıqlar ABŞ-ın və Qərb müttəfiqlərinin Rusiyanın Ukrayna sərhədi yaxınlığında qoşunlarının sayını təqribən 100 minə qədər artırdığı və Moskvanın Ukraynanı işğal etməyə hazırlaşdığına dair qorxuların artdığı bir vaxt keçirilir.
Dövlət katibi Antoni Blinken çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.
Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Blinken “Rusiyanın Ukrayna sərhədlərində qüvvələrini cəmləşdirməsi qarşısında Birləşmiş Ştatların Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təkrarlayıb”.
Prays Blinkenlə Zelinskinin Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə həlli səylərini və Rusiya ilə gözlənilən diplomatik əlaqələri müzakirə etdiklərini bildirib.
Putin bu həftənin əvvəlində bildirib ki, əgər Qərb NATO-nun Ukraynada genişlənməsinə mane olan təhlükəsizlik tələbini yerinə yetirməsə, o, bir sıra variantı nəzərdən keçirəcək.
Bu ayın əvvəlində Moskva NATO-dan Ukrayna və digər keçmiş Sovet ölkələrinə üzvlükdən imtina etməyi, Mərkəzi və Şərqi Avropada hərbi yerləşmələrini geri götürməyi tələb edən təhlükəsizlik sənədləri layihələrini təqdim edib.