Accessibility links

ABŞ: Rusiya Ukraynanın suveren ərazisini kobudcasına pozub


ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında, Nyu York, 26 noyabr, 2018.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Ukrayna gəmilərinin Rusiya tərəfindən ələ keçirilməsini Rusiyanın “Ukraynanın ərazi suverenliyini yolverilməz şəkildə pozması” adlandırıb və bunun “beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı olan kobud hərəkət” olduğunu deyib.

Rusiyanın hərbi gəmiləri Ukraynanın iki hərbi gəmisinə atəş açıb, Ukrayna Hərbi Dəniz Donanmasının daha bir gəmisini isə blok edib. Rusiya Ukrayna dənizçilərini ölkənin su hövzəsinə qeyri-qanuni daxil olmaqda ittiham edib.

Ukrayna parlamenti prezident Petro Poroşenkonun bazar ertəsi 30 gün müddətində hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərmanını müzakirəyə çıxarıb.

Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirir, 26 noyabr, 2018.
Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirir, 26 noyabr, 2018.

Poroşenko bazar ertəsi bundan öncə “Rusiya Federasiyası tərəfindən soyuq aqressiya aktları fonunda Ukraynanın müdafiə imkanlarını gücləndirmək üçün” ölkədə hərbi vəziyyət elan etmək istədiyini bildirib. O, Ukraynanın öz beynəlxalq öhdəliklərinə dönmədən əməl etmək niyyətində olduğunu əlavə edib.

Poroşenko Rusiyadan Qara dənizdə ələ keçirdiyi ukraynalı dənizçilər və gəmiləri dərhal azad etməyi tələb edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı “kifayət qədər təhlükəli üsullarla” beynəlxalq normaları pozmaqda ittiham edib. Onun sözlərinə görə, bu, “həmin akvatoriyada gəmilərin normal hərəkəti üçün təhlükə və risklər yarada bilər”.

NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansın iclasında çıxış edir, 26 noyabr, 2018.
NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansın iclasında çıxış edir, 26 noyabr, 2018.

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Ukrayna gəmilərini azad etməyə çağıraraq, deyib ki, Moskvanın hərəkətlərinə “heç bir şəkildə bəraət qazandırmaq” olmaz.

“Dünən şahidi olduqlarımız olduqca ciddi məsələdir”-deyə, Stoltenberq Ukraynanın xahişi ilə alyansın keçirdiyi fövqəladə iclasda bildirib.

Avropa İttifaqının prezidenti Donald Task Rusiyanın qüvvədən istifadə etməsini qınayıb və birliyin Ukraynanın müdafiəsinə duracağını bir daha təkrar edib.

“Mən Rusiyanın Azov dənizində gücdən istifadə etməsini qınayıram. Rusiya rəsmiləri Ukrayna dənizçiləri və gəmilərini geri qaytarmalı və bundan sonra provokasiyalara yol verməməlidir. Mən məsələni prezident Poroşenko ilə müzakirə etmişəm və bu gün daha sonra onun nümayəndəsi ilə görüşəcəm. Avropa Ukraynanın müdafiəsində birlik göstərəcək”, Donald Task Twitter səhifəsində mesajında yazıb.

Ukrayna rəsmiləri incident nəticəsində azı altı dənizçinin yaralandığını bildirir. Rəsmi Kiyev Ukrayna dənizçilərinin qeyri-qanuni hərəkətə yol verdiyini inkar edərək, Rusiyanı hərbi təcavüzdə ittiham edib.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanı qəsdən təxribata yol verməkdə günahlandırıb.

Ukraynanın Rusiya tərəfindən ələ keçirilmiş gəmiləri
Ukraynanın Rusiya tərəfindən ələ keçirilmiş gəmiləri

İnsident bazar günü Ukraynanın buksir gəmisinin hərbi dəniz qüvvələrinin iki gəmisini Qara dənizdə Odessadan Kerç boğazı ilə Azov dənizindəki Mariupol limanına müşayiət etdiyi zaman baş verib.

Kerç boğazı iki dəniz arasında yeganə keçiddir.

Ukrayna bildirib ki, Rusiya razılığa əsasən birgə ərazi hesab edilən Kerç boğazına girişi blok etmək üçün tankerdən istifadə edib.

Rusiya isə Ukrayna gəmilərinin Rusiyanın su hövzəsini pozduğunu bildirib və ukraynalıları Kerç boğazından üç gəminin keçəcəyi barədə onlara məlumat verməməkdə ittiham edib. Ukrayna bu ittihamı rədd edir.

XS
SM
MD
LG