Birləşmiş Ştatlar Rusiya və Suriya hökumətlərini suriyalı üsyançıların kimyəvi silahdan istifadəsi haqda məlumatın uydurulmasında ittiham edib.
ABŞ cümə günü bildirib ki, noyabr ayında Suriyada kimyəvi silahların istifadə edilməsi ilə bağlı Rusiyanın verdiyi məlumatın saxta olduğunu sübut edən etibarlı məlumatlara malikdir. Bu barədə ABŞ-ın Dövlət Departamentinin sözçüsü Robert Palladino qeyd edib.
Rusiyanın müdafiə naziri 24 noyabr tarixində deyib ki, suriyalı üsyançılar hökumətin nəzarəti altında olan Hələb şəhəri yaxınlığında tərkibində xlorin maddəsinin olduğu qumbaralar atıblar. Suriya dövlət mediası bu məlumatı yayaraq, nəfəsalmada çətinlikləri yaranmış 100-ə yaxın suriyalının xəstəxanalara yerləşdirildiyini bildirib.
Bu məlumatlara baxmayaraq, Palladino Rusiya və Suriyanı İdlibdəki atəşkəsi sual altına almaq məqsədilə yalan məlumatlar yaymaqda ittiham edib. İdlib Suriya prezidenti Bəşər Əsədə qarşı çıxan üsyançıların nəzarətində olduğu sonuncu mühüm nöqtədir.
Rusiya bəhs edilən hücuma cavab olaraq İdlib üzərində hava reydləri həyata keçirib.
Palladino əlavə edib ki, Birləşmiş Ştatlar Suriyanın iddia edilən hücum ərazisinin nəzarət altına almaqla potensial olaraq, beynəlxalq təşkilatların təhqiqatından öncə saxta nümunələr yerləşdirə biləcəyindən narahatdır.
ABŞ, Birləşmiş Millətlər Təşkilatı və digər Qərb hökumətləri son illərdə dəfələrlə Əsəd rejimini kimyəvi silahlardan istifadədə ittiham edib. Suriya hökuməti ittihamları rədd edərək, hücumlara görə məsuliyyəti üsyançıların üzərinə atıb.