Accessibility links

ABŞ Rusiyaya Ukraynada `ehtiyatsız` hərəkət etsə, bunun `nəticələri` ilə bağlı xəbərdarlıq edib


ABŞ Dövlət katibi Entoni Blinken
ABŞ Dövlət katibi Entoni Blinken

Birləşmiş Ştatlar Moskvanın Ukrayna sərhədinə hərbi qüvvə cəmləşdirildiyi ilə bağlı narahatlıqlar fonunda Rusiyanın Ukraynaya qarşı “ehtiyatsız və aqressiv hərəkət etdiyi” təqdirdə bunun “nəticələri” ilə qarşılaşacağına dair xəbərdarlıq edib.

“Prezident Bayden bunu çox aydın şəkildə bildirib. Əgər Rusiya ehtiyatsız və aqressiv hərəkət etsə, bunun bədəli olacaq, bunun nəticələri olacaq” – deyə, ABŞ Dövlət katibi Entoni Blinken NBC tele kanalına müsahibədə bildirib.

Son zamanlar Ukrayna hökumət qüvvələri və ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılar arasında döyüşlərin intensivləşdiyi müşahidə olunur. Bununla yanaşı, Rusiyanın hərbi qüvvələrini Ukrayna sərhədləri və Rusiyanın ilhaq etdiyi Krım istiqamətində cəmləşdirilməsinə dair sübutlar var.

Kreml Qərbin hərbi qüvvələri geri çəkmək çağırışlarını rədd edərək, bunun təhlükə yaratdığını inkar edib və hərbi qüvvələrin Rusiya daxilində hərəkətinin suveren, daxili məsələ olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov aprelin 11-də “həs kəsin müharibəyə getməyi planlaşdırmadığını” bildirib, lakin Moskvanın Ukraynanın şərqində yaşayan rusdilli əhalinin taleyinə “laqeyd qalmayacağını” əlavə edib.

Britaniyanın xarici işlər naziri Dominik Raab aprelin 11-də London və Vaşinqtonun “Rusiyanın Ukraynada sabitliyin pozulması kampaniyasına qətiyyətlə etiraz etdiyini” bildirib və Rusiyanı vəziyyəti gərginləşdiməməyə çağırıb.

“Dövlət katibi Blinken və mən razılaşdıq ki, Rusiya gərginliyi dərhal azaltmalıdır və ATƏT-də imzaladığı beynəlxalq öhdəlikləri yerinə yetirməlidir”, Raab Twitter səhifəsində yazıb.

Britaniya xarici işlər naziri bu bəyanatı Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Donbasda vəziyyətlə bağlı məlumatlandırdığını bildirməsindən bir gün sonra verib.

Ərdoğan İstanbulda ukraynalı həmkarı ilə danışıqlardan sonra Ukraynanın şərqində Donbas regionunda gərginliyə son qoyulmasına çağırıb və Türkiyənin lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.

İstanbulda keçirilən görüş zamanı Ərdoğan və Zelenski həmçinin müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər. Zelenski əməkdaşlığın gücləndirilməsinin xüsusilə silah və döyüş təyyarələrinin istehsalına aid olacağını bildirib.

Aprelin 8-də Donbas bölgəsində Ukrayna hərbi qüvvələrini ziyarət edən Zelenski Kyiv və Ankaranın Qara dənizdə təhlükələr və bu təhdidlərə reaksiya ilə bağlı mövqeyinin üst-üstə düşdüyünü bildirib.

ABŞ Dövlət katibi Blinken aprelin 9-da Almaniya və Fransa xarici işlər nazirləri ilə Rusiyanın işğal altında olan Krım yarımadasında və Ukraynanın şərq sərhədləri yaxınlığında hərbi gücünü artırmasını dayandırmasının vacibliyi ilə bağlı məsləhətləşmələr aparıb.

Rusiya Krımı 2014-cü ildə ilhaq edərək, oraya hərbi qüvvə göndərib və dünyanın azı 100 ölkəsi tərəfindən qeyri-legitim kimi tanınan referendum keçirib.

Münaqişə nəticəsində 14 mindən çox insan həyatını itirib və bir milyondan çox insan məcburi köçkün olub.

XS
SM
MD
LG