Accessibility links

ABŞ Səfiri Azərbaycanın Baş Prokuroru ilə görüşüb


Dekabrın 15-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger arasında görüş olub.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatında deyilir ki, Baş prokuror Azərbaycanla ABŞ arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, hər iki dövlətin hüquq-mühafizə orqanları arasında əməkdaşlıq haqqında danışıb.

Baş prokuror otuz ilə yaxın dövrdə Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında azad edildiyini, ölkənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

Kamran Əliyev Ermənistanın silahlı qüvvələri tərəfindən ölkəsinin mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun təşkil etdiyi brifinqlərdə ABŞ Səfirliyinin iştirakına görə təşəkkürünü bildirib.

Səfir Litzenberger ikitərəfli münasibətlərə toxunaraq ABŞ-ın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

“Xüsusilə qeyd olunub ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və ümid edir ki, regionda bundan sonrakı dövrdə sülh və əmin-amanlıq bərqərar olacaqdır. Səfir mülki əhaliyə və hərbçilərə qarşı törədilmiş qəddarlıqları qətiyyətlə qınadığını qeyd edərək, tərəfləri bu məsələləri araşdırıb təqsirkar şəxslərin cəzalandırılmasına çağırıb. O, həlak olmuş şəxslərə başsağlığını ifadə edərək yaralılara şəfa diləyib”.

Səfir vurğulayıb ki, ABŞ hökuməti beynəlxalq humanitar təşkilatlara dəstək verməklə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, maddi-mədəni irsin bərpasında iştirak etmək üçün hazırdır.

Mətbuat xidməti bildirir ki, görüş zamanı prokurorluqda aparılan islahatlar, beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə Azərbaycanın göstərdiyi səylər, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən institusional və cinayət təqibi tədbirləri qeyd edilərək, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığın digər ağır formaları ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

XS
SM
MD
LG