ABŞ-ın Azərbaycandakı səfiri Li litzenberger Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunan “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfransda çıxış edib.
ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumaına görə, ABŞ səfiri qeyd edib ki, Amerika Birləşmiş Ştatları bütün dünyada mədəni irsin, o cümlədən mədəni və dini obyektlərin mühafizəsi və qorunub saxlanmasında öz dəstəyini əsirgəmir.
“2001-ci ildən bəri ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondu 125 ölkədə 900 tarixi obyektin bərpasına kömək edib. Azərbaycana gəldikdə isə, 2018-ci ildə Mədəniyyət Nazirliyi ilə birlikdə Qubanın gözəl Gümbəzli Hamamını bərpa etmək üçün birgə işləmişik,” ABŞ səfiri Li litzenberger qeyd edib.
Səfir ölkəsinin bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcəyini söyləyib.
BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanda apardığı qazıntılar zamanı tez-tez artefaktlarla qarşılaşır. Bu zaman bütün işlər dayandırılır və Mədəniyyət Nazirliyinə xəbər verilir. Müvafiq göstəriş alındıqdan sonra işlər ya davam etdirilir, yaxud da dayandırılır və ya qazıntıların yeri dəyişdirilir.
Onun sözlərinə görə, təkcə “Şahdəniz” layihəsi çərçivəsində aparılan qazıntılar zamanı 10 minə yaxın tarixi artefakt tapılıb.
“Daş Salnamə” Muzeyində təşkil olunan konfrans “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı 4 sessiyadan ibarətdir.
Tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi açılıb.