Accessibility links

ABŞ səfiri: Hüquq mühiti Amerika şirkətləri üçün çox mühüm amillərdən biridir


ABŞ səfiri Li Litzenberger

“Mövcud olan hüquq mühiti Amerika şirkətləri üçün çox mühüm amillərdən biridir. Bizim biznes nümayəndələrimiz tərəfindən intellektual əmlak hüquqlarına çox hörmətlə yanaşılır.”

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bu gün Bakıda keçirlən Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası zamanı Amerikanın Səsinin “Azərbaycandakı qanunvericilik və real vəziyyət ABŞ şirkətlərinin ölkədə işləməsi üçün yetərlidirmi?” sualının cavabında bildirib.

Düşünürəm ki, biz Azərbaycan hökuməti ilə çox məhsuldar şəkildə fəaliyyət göstərərək sözügedən məsələlərdə irəliləyişlərə nail olunmasına imza ata bilərik
Li Litzenberger, ABŞ səfiri

Səfirin fikrində ABŞ biznesmenlərinin ölkədə işləməsi üçün digər vacib olan amil qanunun aliliyi amilidir.

“Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ABŞ-ın Ticarət Palatasının üç üzvü intellektual əmlak hüquqlarına dair öz töhfələrini verib və bu hüququn vacidliyini bu yaxınlarda yenidən vurğulayıb. Düşünürəm ki, biz Azərbaycan hökuməti ilə çox məhsuldar şəkildə fəaliyyət göstərərək sözügedən məsələlərdə irəliləyişlərə nail olunmasına imza ata bilərik,” o qeyd edib.

Xatırladaq ki, “AmCham Azərbaycan”- Azərbaycanda Amerika Ticarət Palatası və onun üzv şirkətləri Əqli Mülkiyyət Hüququna (ƏMH) hörmət etməyi və onu qorumağı, həmçinin Azərbaycanda ƏMH-nin qorunması və tətbiqinin yaxşılaşdırılması üçün öhdəlik götürməsi barədə məlumat yayıb.

“Əqli mülkiyyət hüquqlarının (ƏMH) qorunması Azərbaycan iqtisadiyyatı və onun sonrakı inkişafı üçün olduqca əhəmiyyətlidir. Bu hüquqların qorunma səviyyəsi ölkədə iqtisadiyyatın və biznes investisiya mühitinin qiymətləndirilməsi üçün əsas göstəricilərindən biridir,” AmCham-ın məlumatında deyilir.

“AmCham Azərbaycan”- Azərbaycanda Amerika Ticarət Palatası
“AmCham Azərbaycan”- Azərbaycanda Amerika Ticarət Palatası

Məlumatda deyilir ki, informasiya texnologiyalarının inkişafı əqli mülkiyyətin qorunması prinsiplərinin yenidən nəzərdən keçirilməsini tələb edir.

“Əqli mülkiyyətin kütləsi artdıqca, mütənasib olaraq müəlliflik hüququ sahiblərinin maraqlarının pozulması ehtimalı da artır. Texnoloji inqilabın yeni mərhələsinə qədəm qoyarkən, ölkələr innovasiyaları inkişafın əsas aparıcısı kimi dəyərləndirir və bu çərçivədə əqli mülkiyyət hüquqlarının qorunması texnologiya mütəxəssislərinin yeniliklərini və yaratma həvəslərini müdafiə edir.”

Əqli mülkiyyətin kütləsi artdıqca, mütənasib olaraq müəlliflik hüququ sahiblərinin maraqlarının pozulması ehtimalı da artır.
AmCham-ın məlumatından sitat

“AmCham Azərbaycan” ƏMH-nin ciddi qorunmasını təmin etmək məqsədilə bütün müəssisələrin hüquqlarının qanunla qorunması, biznes və innovasiya üçün arzuolunan mühitin yaradılması istiqamətində dövlət və özəl qurumlar tərəfindən həyata keçirilən bütün təşəbbüsləri dəstəkləyir.

“Ticarət palatası hazırladığı sənədlərdə də müvafiq hüquqların müdafiəsinin rəqabətli bazar iqtisadiyyatının qurulması üçün əsas olduğunu qəbul edərək, ƏMH pozuntuları və kontrafakt halları ilə mübarizə mövzusunda tövsiyələrini ardıcıl olaraq təqdim edib. Amerika Ticarət Palatası Azərbaycan hökuməti və digər maraqlı tərəflər ilə Azərbaycanda ƏMH-nin qorunmasının təmin edilməsində əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirir,” məluimatda qeyd edilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG