Oktyabrın 2-də ABŞ səfirinin müavini Maykl Dikerson Lerik rayonunun (Bakıdan 329 kilometr cənub) Cəngəmiran kəndində sakinlərlə birgə yeni tibb məntəqəsinin açılışında iştirak edib.
Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliynin (USAİD) məlumatında deyilir.
Məlumatda bildirilir ki, yeni məntəqə Cəngəmiran və qonşu kəndlərin 3 600-dən çox sakininin ilkin tibb xidmətlərinə əlçatanlığı yaxşılaşdıracaq.
Yeni məntəqə USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsinin dəstəyi ilə inşa edilib.
Səfir müavini Maykl Dikerson həmçinin əsas məşğuliyyətlərdən biri arıçılıq olan Lerik rayonun Piran kəndində yerli sakinlərlə görüşüb.
USAID-in SEDA adlı layihəsinin dəstəyi ilə Piran icması hal-hazırda bal emalı müəssisəsi inşa edir. Həmin müəssisə bazara çıxarılan yerli balın saxlanması və qablaşdırılmasını yaxşılaşdıracaq. Bu məntəqədən Piran və ətraf 40 kənddən olan 700-ə yaxın arıçı faydalana biləcək.
USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən Azərbaycanın İqtisadiyyat nazirliyi ilə əməkdaşlıq şəklində icra edilir. 2011-ci ildən SEDA 160 layihə icra edib ki, bunların sırasında yerli iqtisadiyyati dəstəkləyən, tibb məntəqələri, yollar, su və suvarma sistemləri, habelə yerli məktəb təmiri layihələri var.
Oktyabrın 3-də ABŞ səfirinin müavini Maykl Dikerson Salyanda (Bakıdan 127 kilometr cənub) yerləşən Amerika Mərkəzinə səfər edərək mərkəzə İngilis dilinin təkmilləşdirilməsi və Birləşmiş Ştatlarda təhsil imkanlarının araşdırılması üçün yerli tələbələrlə görüşüb.
Azərbaycanda Amerika Mərkəzləri Bakı, Gəncə, Xaçmaz, Səlyan və Kürdəmirdə yerləşir. Hər təhsil ili 60 minə yaxın insan Amerika Mərkəzlərinə baş çəkir. 2018-ci ildə Salyanda yerləşən Amerika Mərkəzinə 5 mindən çox insan gəlib.