Accessibility links

ABŞ Səfirliyi Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı bəraət qərarını alqışlayır


ABŞ səfirliyi
ABŞ səfirliyi

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Avropa İnsan Hüquqları Məhkəməsinın 2017-ci ildə açıqladığı qərara uyğun olaraq Azərbaycan Ali Məhkəməsi tərəfindən Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov barəsində verdiyi bəraət qərarını alqışlayır.

Bu barədə ABŞ Səfirliynin mətbuat üçün açıqlamasında deyilir.

“Səfirlik həmçinin hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarının verilməsini alqışlayir. Səfirlik jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, habelə söz azadlığı hüququndan istifadə edən siyasi müxalifət üzvlərinə qarşı aparılan hədə-qorxu və həbs fəaliyyətlərinin sonu üçün atılan müsbət addımları alqışlamağa hazır olduğunu bildirir. Biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən həm də başqa məsələlər ilə bağlı dialoq üçün hazır olduğumuzu bəyan edirik,” ABŞ Səfirliyi bildirir.

Aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu ReAL Partiyasının sədri İlqar Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verib. Plenum mənəvi zərərə görə Məmmədova 234,000 manat kompensasiya təyin edib.

Biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən həm də başqa məsələlər ilə bağlı dialoq üçün hazır olduğumuzu bəyan edirik,
ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatından sitat

Plenum eyni zamanda hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarı çıxarıb. Məhkəmə Cəfərov barədə əvvəlki qəbul edilən məhkəmə qərarlarını ləğv edib, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57,400 manat kompensasiya təyin edib.

İlqar Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. Məmmədovun həbsdən buraıxlması, bəraət verilməsi barədə Avropa Şurası Nazirlər Komitəsinin bir neçə qərarı var. O, 2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.

İlqar Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib, Ali Məhkəmədə onun şərti cəzasını ləğv edilib.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 6 il 6 ay həbs cəzası kəsib. Sonradan Bakı Apellyasiya Məhkəməsi bu cəzanı 3 ay azaldıb.

Hüquq müdafiəçisi 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə həbsdən azad edilib.

2016-cı il martın 17-də həm də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti üzrə qərarını açıqlayıb.

AİHM-in qərarına görə, milli məhkəmələr Rəsul Cəfərovun Avropa Konvensiyasının 5.1, 5.3, 5.4 -cü maddələri ilə azadlıq və toxunulmazlıq hüququnu pozub. Hüquq müdafiəçisinin məhkəmə araşdırmasını ağlabatan müddətdə aparmaq, məhkəməyədək azad edilmək və həbsin qanuniliyi hüquqları da pozulub. Məhkəmə Rəsul Cəfərova münasibətdə Konvensiyanın 18-ci maddəsinin pozulduğunu da tanıyıb. Qərara əsasən, Azərbaycan hökuməti Rəsul Cəfərova dəymiş zərərə görə 25 min, hüquq məsrəflərinə görə isə 7 min 448 avro ödəməlidir. Onun haqqında yerli məhkəmələrin qərarları da ləğv edilib yenidən araşdırılmalıdır.

XS
SM
MD
LG