Accessibility links

ABŞ Səfirliyi amerikalı idman elçilərinin Azərbaycana səfərini maliyyələşdirir


ABŞ Səfirliyi amerikalı idman elçilərinin Azərbaycana səfərini maliyyələşdirir

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi 2019-cu il iyun ayının 16-dan 24-dək Amerika Basketbol İdman elçiləri Kreyq Eşerik və Çini Nvaqbonun Azərbaycana səfərini maliyyələşdirəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumata görə, səfər Azərbaycan Basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Bakıdan kənarda yaşayan 250 gəncin faydalanmasında böyük rol oynayan 12 regional basketbol liqasını inkişaf etdirmək üçün səfirliyin təşkil etdiyi davamlı proqramın bir hissəsidir.

2017-ci ilin avqust ayında Azərbaycanın 12 bölgəsindən 14 basketbol məşqçisi ABŞ Dövlət Departamentinin İdman Diplomatiyası Proqramı tərəfindən dəstəklənən Basketbol İdmanı Elçiləri Proqramı çərçivəsində iki həftəlik Amerikaya səfər edib. ABŞ-da olduqları müddət ərzində məşqçilər uşaqlara öz vaxtlarını əyləncəli keçirtməkdə köməklik göstərmək, gənclərin ekstremizmə qarşı mübarizəsi, qadınların səlahiyyətlərinin gücləndirilməsi, münaqişələrin qarşısının alınması, sosial inteqrasiyanın inkişaf etdirilməsi və cəmiyyətin üzləşdiyi bu kimi müxtəlif məsələlərin həll edilməsi üçün idmandan səmərəli bir vasitə olaraq istifadə edilməsi haqqında ətraflı məlumat əldə edib.

Azərbaycanda olduqları müddət ərzində amerikalı məşqçilər bədən tərbiyə müəllimləri üçün Gəncədə uğurlu karyeraya aparan liderlik bacarıqlarına idmanın necə kömək etməsi haqqında 40-50 dəqiqəlik seminarlar keçirib. Onlar elecə də 40-50 gənc və onların məşqçiləri üçün Göygöl Olimpiya Stadionunda oyun təşkil edib.

Nümayəndələr həmçinin 21-23 iyun tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 110 gəncin istirakı ilə 3 günlük Gənclərin Həmrəylik Basketbol Turnirinə qatılacaq. Yarışların keçiriləcəyi müddət ərzində məşqçilər gənc iştirakçılarla liderliyin vacibliyi, müxtəlifliyə hörmət haqqında söhbətlər edib, onlara öz basketbol bacarıqlarının inkişaf etdirmələrinə dair köməklik göstərəcəklər.

Çini Nvaqbo və professor Eşerik həm öz həyatlarını, həm də karyeralarını basketbola və məşqçiliyə həsr ediblər.

Çini Nvaqbo basketbol karyerasını Merilend ştatının Lenhem bölgəsində yerləşən Duval orta məktəbində başlayıb və daha sonra öz karyerasını Biologiya üzrə bakalavr təhsili aldığı Sirakuz universitetində davam etdirib. Sirakuz universitetindən məzun olduqdan sonrakı 11 il ərzində Çini İspaniya, Çili, Braziliya, Polşa, Portuqaliya və İsrail kimi müxtəlif ölkələrdə peşəkar basketbol ilə məşğul olub. O, 4 dəfə “Ən Dəyərli Oyunçu” adını qazanmaqla yanaşı, 2006-cı il Dünya Çempionatında iştirak edərək valideyninin doğma ölkəsi olan Nigeriyanı təmsil edib. Bu yaxınlarda xanım Nvaqbo Milli Basketbol Assosiasiyası (MBA) ilə birlikdə Çində, MBA-ın əsaslı basketbol proqramını daha yaxşı inkişaf etdirməklə məşğul olub. Bir məşqçi və təlimçi olaraq xanım Nvaqbo, yeni başlayanlardan yüksək səviyyəli mütəxəssislərə qədər çoxlu sayda idmançıya təlim keçib.

Professor Kreyq Eşerik, Georgetown universitetində maliyyə üzrə bakalavr təhsili aldığı müddət ərzində basketbol ilə də məşğul olub. O, Georgetown universitetinin Hüquq Mərkəzində iki il müddətində basketbol məşqcisinin köməkçisi işləyib. Hüquq fakültəsindən məzun olduqdan sonra professor Eşerik, kişi basketbol komandası üçün Georgetown universitetində tam ştatlı köməkçi məşqçi olaraq 17 il fəaliyyətini davam etdirdikdən sonra o, 1988-ci ildə Seul Olimpiadasında bürünc medal qazanan ABŞ-ın Olimpiya komandasının basketbol məşqçisinin köməkçisi kimi çalışıb. 1999-cu ildə Georgetown universitetində basketbol üzrə baş məşqçi olub və komandaya 103 qələbə qazandırıb. Professor Eşerik idman yayımında çalışıb və idmanda media əlaqələri, idman idarəçiliyinin əsasları və məşqçilik sənəti və elmləri üzrə bir sıra dərsliklər yazıb. Hal-hazırda o, Corc Meyson Universitetində idman idarəçiliyi üzrə dosent vəzifəsində işləyir.

XS
SM
MD
LG