Accessibility links

ABŞ Səfirliyi Azərbaycan və Ermənistan sərhədində baş verən insidentlərdən narahatdır


ABŞ Səfirliyi
ABŞ Səfirliyi

“Amerika Birləşmiş Ştatlarının Səfirliyi Azərbaycan və Ermənistan sərhədində, Sədərək-Erasx yaxınlığında baş verən insidentlərdən narahatdır.”

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində məlumat yayıb.

“Hər iki tərəfi gərginliyi tezliklə və dinc yolla azaltmağa və danışıqların bərpası üçün imkan yaratmağa çağırırıq,” məlumatda qeyd olunur.

ABŞ-ın Ermənistandakı Səfirliyi də eyni məzmunlu məlumat yayıb.

İyulun 19-da Azərbaycan-Ermənistan sərhədində qarşılıqlı atışma zamanı hər tərəfdən bir nəfərin yaralandığı bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, iyulun 19-da erməni bölmələri Vedi rayonunun Arazdəyən kəndi tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbəsi yaxınlığındakı mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramal Bədəlli ayağından yaralandığı, ona ilk tibbi yardım göstərildiyi və hospitala yerləşdirildiyi bildirilir.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan qüvvələrinin ilk olaraq Yerasx ərazisindəki erməni mövqelərinə atəş açdığını bildirib. Ermənistan KİV-ləri rəsmi mənbələrə istinadən bildirib ki, atışma zamanı Ararat vilayəti Yerasx qəsəbə icmasının rəhbəri Radik Ogikyan yaralanıb.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi xüsusi nümayəndəsi Koyvo Klaar Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edib.

"Ermənistan-Azərbaycan dövlət sərhədində dərin narahatlıq doğuran hadisələr davam edir. Yeni itikilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv qarşılıqlı əlaqə çağırışımızı təkrar edirik. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırdır," o, Twitter hesabında yazıb.

XS
SM
MD
LG