Accessibility links

ABŞ Səfirliyi Cənub Qaz Dəhlizi layihəsinin başa çatmasını əlamətdar nailiyyət hesab edir


Cənub Qaz Dəhlizi

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin başa çatması və təbii qazının Avropaya nəqli münasibətilə təbrik edib.

“Bu layihə üzərində son on il işlər davam etdikcə ABŞ Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi Azərbaycanın mühüm, strateji rolunu təbliğ etməkdən qürur duyur. Azərbaycanın iqtisadi artımı və inkişafına təkan verəcək və Avropanın enerji təhlükəsizliyinə davamlı töhfəsi olan bu əlamətdar nailiyyəti qeyd edən Azərbaycana qoşuluruq,” səfirliyin Facebook səhifəsndə yaydığı təbrikdə deyilir.

2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya kommersiya məqsədli qazın nəqlinə başlanılıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bildirib ki, tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail olub.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

XS
SM
MD
LG