Azərbaycan mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger “Amerika guşələri” proqramı çərçivəsində əməkdaşlıq haqqında” yeni Anlaşma Memorandumu imzalayıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, qarşılıqlı razılıq əsasında Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” kimi tanınan ictimai informasiya və fəaliyyət mərkəzlərini dəstəkləməkdə birgə əməkdaşlığının davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycan Məfəniyyət Nazirliynin məlumatında isə deyilir ki, nazirliklə səfirlik arasında 2017-ci ildə imzalanan Anlaşma Memorandumuna əsəsən, Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” yaradılıb.
“Qarşılıqlı razılıq əsasında növbəti üç il müddətinə yeni sənəd imzalanıb. Anlaşma Memorandumu Azərbaycan Mədəniyyət Nazirliyi və ABŞ-ın Azərbaycanda Səfirliyi 2020 – 2023-cü illərdə Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” kimi tanınan ictimai informasiya və fəaliyyət mərkəzlərini dəstəkləməkdə birgə əməkdaşlığının davam etdirilməsini nəzərdə tutur.”
Sənədə əsasən, Mədəniyyət Nazirliyi guşələrin fəaliyyət göstərməsinə dəstəyi təmin edəcək.
Öz növbəsində səfirlik guşələri Birləşmiş Ştatlar haqqında, habeləikitərəfli maraqlara uyğun mövzularda çap edilmiş ədəbiyyat və internet əsaslı elektron resurslarla, ABŞ-ın dövri mətbuatına abunə və Amerika filmlərinin nümayişinə icazəni nəzərdə tutan lisenziya ilə təmin etməyi üzərinə götürür. Hər bir guşənin vebsaytının fəaliyyəti və mütəmadi qaydada yenilənməsi də səfirlik tərəfindən həyata keçiriləcək.
Eyni zamanda nazirlik və səfirliyin birgə əməkdaşlığı ilə guşələrin işçiləri üçün treninq və məşvərətlər təşkil ediləcək.