Accessibility links

ABŞ səhiyyə ekspertləri: Amerikalılar özlərini koronavirusdan qorumalıdır


Nyu York şəhərində insanlar xəstəxanının təcili yardım şöbəsi qarşısında dayanıb
Nyu York şəhərində insanlar xəstəxanının təcili yardım şöbəsi qarşısında dayanıb

ABŞ-ın yüksək səviyyəli səhiyyə rəsmiləri ilk peyvəndlərin bu ay ərzində tətbiq edilə biləcəyi ehtimalına baxmayaraq, amerikalıların özlərini koronavirusdan qorumalı olduğunu bildiriblər.

“İnsanların öz öhdəliklərini yeniləməsinə ehtiyacımız var. Zəhmət olmasa maska taxın və barlarda, restoranlarda və qapalı yerlərdə insanların sıx olduğu yerlərdən çəkinin", ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər katibi Aleks Azar Fox News proqramında bildirib.

Şənbə günü axşam prezident Donald Trampın Corciya ştatında keçirdiyi mitinqə toplaşan minlərlə insandan yalnız az hissəsi maska taxıb.

Lakin Azar izdihamlı yerlərdən uzaq durmaq və tədbir görmək barədə "bizim tövsiyəmiz eynidir" deyib.

"Qarşıda parlaq günlər var"- deyə, Azar ABŞ-ın səhiyyə orqanları Pfizer-BioNTech əczaçılıq şirkətləri tərəfindən istehsal olunan koronavirus peyvəndi və bir həftə sonra biotexnologiya şirkəti Moderna tərəfindən hazırlanmış başqa bir peyvəndin təcili istifadəsinə icazə verilməsi məsələsini nəzərdən keçirdiyi vaxt qeyd edib.

ABŞ rəsmiləri tibb və təcili yardım işçiləri, habelə qocalar evinin işçiləri və sakinlərinin infeksiyaya yoluxma riskinin ən yüksək olduğu və peyvəndin ilk olaraq onlara veriləcəyi haqda qərar verib. Azar ilin sonuna qədər vaksinin 30-40 milyon dozasının veriləcəyini, 2021-ci ilin ilk yarısında isə daha milyonlarla dozada vaksinin istehsal ediləcəyini bildirib.

Yeni seçilmiş prezident Co Bayden onun keçid dövrü komandasının peyvənd paylanması üçün "ətraflı bir plan" görmədiyini deyib. Lakin Azar hakimiyyətdən getməkdə olan Trump administrasiyasının bu məsələnin üzərində işlədiyini bildirib.

Bayden keçən həftə yanvarın 20-də inaqurasiya olanda amerikalılardan COVID-19 xəstəliyinə səbəb olan virusun yayılmasının qarşısını almaq üçün 100 gün maska taxmağı tələb deyil, xahiş edəcəyini deyib.

Tramp administrasiyasının peyvənd proqramının baş elmi məsləhətçisi doctor Monsef Slaoui CNN tele kanalına bildirib ki, Baydenin planı "yaxşı bir fikirdir".

Cons Hopkins Universitetinin son rəqəmlərinə görə, ABŞ-da COVID-19 nəticəsində digər ölkələrdən daha çox – 281 000 insan həyatını itirib və 14.6 milyon insan xəstəliyə yoluxub.

Cümə günü ABŞ-da 230 000 daha çox yoluxma halı qeydə alınıb və hazırda 100 000-dən çox insan infeksiya ilə xəstəxanaya yerləşdirilib. Səhiyyə ekspertləri pandemiyanın nəzarətə götürüləcəyindən əvvəl daha on minlərlə amerikalının COVID-19 nəticəsində həyatını itirəcəyini təxmin edirlər.

XS
SM
MD
LG