Accessibility links

ABŞ Senatı asiyalı-amerikalılara qarşı nifrət zəminində cinayətlərlə mübarizəni gücləndirən qanunu qəbul edib


ABŞ Senatı cümə axşamı əksəriyyət səslə COVID-19 pandemiyası dövründə asiyalı-amerikalılara qarşı nifrət zəminində artan cinayətlərlə mübarizə səylərini gücləndirməyə yönəlmiş yeni qanun layihəsini qəbul edib.

Qanuna əsasən, Ədliyyə Nazirliyində COVID-19-la əlaqəli nifrət zəminində həyata keçirilən cinayət işlərinə baxılmanı sürətləndirmək və asiyalılar əleyhinə nifrət zəminində zorakılıqların qarşısının alınması üçün yerli hüquq-mühafizə orqanlarına dəstəyi təmin edəcək yeni bir vəzifə yaradılacaq. Qanunda nifrət zəminində cinayətlərlə bağlı məlumatların toplanmasının yaxşılaşdırılması və nifrət zəminində cinayətlərlə əlaqəli qaynar xətlərin yaradılmasını nəzərdə tutan düzəliş də daxildir.

Bu düzəliş ilk dəfə son illərdə nifrət zəminində cinayətlərin iki qurbanı - Xalid Cabara və Hiter Heyerin şərəfinə "Cabara-Heyer - Nifrətə Yox" qanunu kimi təqdim edilib.

Qanun layihəsi 94 lehinə, 1 əleyhinə səslə qəbul edilib. Missuri ştatından olan Respublikaçı senator Coş Houli qanun layihəsinin lehinə səs verən yeganə senator olub. İki Demokrat və üç Respublikaçı senator bitərəf qalıb.

Nümayəndələr Palatasına göndəriləcək qanun layihəsinin hər iki partiya tərəfindən geniş dəstəklə qəbul ediləcəyi və qanunu dəstəkləyən Prezident Co Baydenin qanunu imzalayacağı gözlənilir.

Qanun layihəsinin sponsoru, Senatındakı Havay adasından olan iki asiyalı-amerikalıdan biri, Demokrat senator Mazi K. Hirono hər iki partiya tərəfindən verilən səsləri yüksək qiymətləndirdiyini və bu səslərin "AAPI (Asiya və Sakit Okean Adaları mənşəli amerikalılar ) icması üçün güclü bir həmrəylik mesajı" olduğunu deyib.

"İndi Prezident Baydenin qanuna imza atması üçün mən Nümayəndələr Palatasını qanunu tez bir zamanda qəbul etməyə çağırıram" - deyə Hirono Tvitter səhifəsində yazıb.

Qanunvericilik asiyalılar əleyhinə insan haqları müdafiəçilərinin bildirdiyi kimi, Çində meydana gələn virusa görə əsassız olaraq asiyalılara yönəlmiş nifrət zəminində cinayətlərin və ayrı-seçkiliyin kəskin artdığı vaxt qəbul edilib.

Polis məlumatlarına əsasən Kaliforniya Dövlət Universitetinin Nifrət və Ekstremizmin Tədqiqatı Mərkəzi tərəfindən hazırlanan hesabatda Amerikanın böyük şəhərlərində keçən il asiyalılar əleyhinə nifrət zəminində cinayətlərin 150% artdığı biuldirilib. Bu arada, pandemiya zamanı asiyalılar əleyhinə nifrət hallarını izləmək üçün yaradılan vəkillərdən ibarət "AAPI - Hate Stop" koalisiyası asiyalılara qarşı 3800-dən çox insident barədə məlumat alındığını bildirib.

"AAPI - Hate Stop"ın həmtəsisçilərindən biri,"Affirmative Action for Chinese" şirkətinin icraçı direktoru Sintia Çoy bildirib ki, qanun layihəsi "AAPI-yə nifrətin ciddi bir problem olduğunu və daha dəqiq məlumatlara ehtiyac olduğunu açıq şəkildə göstərir."

Biden administrasiyasıi asiyalılara qarşı nifrətlə mübarizəni prioritet məsələ edib. Yanvar ayında Bayden asiyalılar əleyhinə zorakılığı qınayan bir fərman hazırlayıb və Ədliyyə Nazirliyini asiyalı-amerikalı icmasına yönələn nifrət zəminində cinayətlərlə mübarizəni gücləndirməyə çağırıb.

Şərhlərə bax

XS
SM
MD
LG