Accessibility links

ABŞ Senatı Trampın ikinci impiçment məhkəməsində ona bəraət qazandırdı


Senatda səsvermə keçmiş prezident Donald Trampın yanvarın 6-da ABŞ Kapitoli binasına hücuma təhrik etmək ittihamları ilə impiç edilməsinin lehinə 57, əleyhinə 43 səslə nəticələnib.

ABŞ Senatı şənbə günü keçmiş prezident Donald Trampın bir il ərzində ikinci impiçment məhkəməsində ona bəraət qazandırdı. Səsvermə zamanı Demokratlar impiçment üçün Respublikaçıların səslərinin lazım olan üçdə birini ala biməyib. Respublikaçı senatorlar keçmiş prezidentin tərəfdarlarının ABŞ Kapitoli binasına ölümlə nəticələnən hücumunda rolu ilə əlaqədar impiç edilməsi ilə bağlı qərarın verilməsinin qarşısını alıb.

Senatda beş gün davam edən impiçment məhkəməsindən sonra keçirilən səsvermə 57 lehinə, 43 əleyhinə səslə nəticələnib. Bununla Trampın iğtişaşlara təhrik etmək ittihamı ilə mühakimə edilməsi üçün lazım olan üçdə iki səs çoxluğu təmin olunmayıb.

Səsvermə zamanı Senatda 50 Respublikaçıdan yalnız yeddisi Trampın mühakimə olunmasına dəstək verərək, Palatada vahid mövqedən çıxış edən Demokratlara qatılıb.

Tramp vəzifəsindən yanvarın 20-də gedib, buna görə də impiçment onun hakimiyyətdən uzaqlaşdırılması üçün keçirilməyib. Lakin Demokratlar bir polis işçisi və digər dörd nəfərin ölümülə nəticələnən basqına görə məsuliyyəti onun üzərinə qoymaq və bir daha dövlət vəzifəsində çalışmasını qadağan etmək məqsədilə səsvermə keçirərək, onun mühakimə olunmasına nail olacaqlarına ümid bəsləyirdi. Onlar Trampa gələcəkdə vəzifəyə gəlmək imkanı verilərək, onun yenidən siyasi zorakılığı təşviq etməkdən çəkinməyəcəyini iddia edirdilər.

Trampın vəkilləri onun yanvarın 6-da tərəfdarları qarşısında çıxışı zamanı söylədiklərinin söz azadlığı ilə bağlı konstitusiya hüququ ilə müdafiə olunduğunu bildirib.

Bundan öncə şənbə günü Senat keçmiş prezidentin impiçment məhkəməsində şahidlərin dindirilməməsi ilə bağlı razılıq əldə edib.

Trampın vəkilləri cümə günü sabiq ABŞ liderinin müdafiəsi ilə bağlı son arqumentlərini təqdim edərək, onun yanvarın 6-da ABŞ Kapitoli binasına ölümlə nəticələnən hücumu təşviq etdiyini inkar edib. Onlar məhkəmənin siyasi motivli və qanunsuz “ifritə ovu” olduğunu bildirib.

“Solun son dörd ildə məşğul olduğu bütün digər siyasi motivli ifritə ovları kimi bu impiçment də tamamilə faktlardan, dəlillərdən və Amerika xalqının maraqlarından uzaqdır” -deyə Trampın vəkili Maykl van der Vin bildirib.

Müdafiə komandasının cümə günü iddialarını təqdim etməsindən sonra senatorlar sual-cavab sessiyası keçirərək, həm Trampın vəkillərinə, həm də Trampa qarşı iddia qaldıran Demokrat qanunvericilərə yazılı suallar təqdim ediblər.

Müdafiə tərəfin təqdimatından öncə Nümayəndələr Palatasının impiçment üzrə menecerləri iki gün ərzində Trampın yanvarın 6-da yürüş zamanı söylədiyi nitqinin 2020-ci il prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün Kapitoliyə basqın edən izdihamın hərəkətləri ilə əlaqələndirən arqumentlərini təqdim edib. Onlar keçmiş prezidentin demokrat Co Baydenin prezident seçkilərində qələbəsinin təsdiq edilməsinin qarşısının alınması cəhdinə görə birbaşa məsuliyyət daşıdığını bildirib.

XS
SM
MD
LG