ABŞ Senatının iki komitəsi çərşənbə axşamı əsas diqqəti təhlükəsizlik və hüquq-mühafizə orqanlarının reaksiyasına yetirərək, yanvarın 6-da ABŞ Kapitolisinə edilən basqını araşdırır.
Daxili Təhlükəsizlik Komitəsi və Hökumət İşləri Komitəsində ifadə vermək üçün Senat və Palatasının keçmiş baş çavuşları Maykl Stenger və Pol İrvinq, habelə Kapitoli polis idarəsinin keçmiş rəisi Stiven Sand və paytaxtın polis idarəsinin rəisi vəzifəsini icra edən Robert Konti dindiriləcək.
Stenger və İrvinq Tramp tərəfdarlarının basqınından dərhal sonra istefa verdiklərindən bəri ilk dəfə olaraq ifadə verəcək.
Senator Emi Klobuçar Associated Press xəbər agentliyinə bildirib ki, qanunvericilər basqından əvvəl təhlükəsizlik orqanlarının məlumat mübadiləsi, Milli Qvardiya qüvvələrinin basqın edilmiş Kapitolidə polis zabitlərinə kömək məqsədilə yerləşdirilməsinin vaxtı və Kapitolinin təhlükəsizliyinə görə məsul komanda strukturlarının təhlükəsizliklə bağlı problemlərə səbəb olub-olmadığı məsələlərinə diqqət yönəldəcəklərini qeyd edib.
Klobuçar həmçinin komissiyada təhqiqat çərçivəsində Müdafiə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosunun cavablarını araşdıracaq ən azı daha bir dinləmə keçirəcəyini bildirib.
Kapitoliyə basqın qanunvericilərin Prezident Co Baydenin noyabr seçkilərində keçmiş prezident Donald Trump üzərində qələbəsini təsdiqləmək üçün bir araya gəldiyi bir vaxtda baş vermişdi. Basqın törədənıər pəncərələri və qapıları sındıraraq, polislər toqquşmuş, nəticədə onlarla polis yaralanmışdı. Konqres üzvləri otaqlarından qaçmalı və səsvermənin sertifikatlaşdırmasını başa çatdırmaq üçün bir neçə saat sonra geri qayıtmalı olmuşdular.
Hadisə nəticəsində bir nəfər Kapitoli polisinin bir üzvü daxil olmaqla, beş nəfər həyatını itirib.
Hücumdan bir neçə həftə sonra Nümayəndələr Palatası Trampı üsyana təhrik etmək ittihamı ilə impiçment edib. Daha sonra Senat Trampa bəraət verib.