Accessibility links

ABŞ senatorları infrastrukturla bağlı qanun layihəsinin əsas məqamları üzərində razılaşıblar


ABŞ Senatında hər iki partiyadan qanunvericilərin hazırladığı 1,2 trilyon dollarlıq infrastrukturla bağlı qanun layihəsi ilə əlaqədar müzakirə aparanlar əsas komponentlər üzərində razılığa gəliblər. Bu barədə Respublikaçı senator Rob Portman çərşənbə günü jurnalistlərə məlumat verib.

Bu, qanun layihəsinin aylar boyu davam edən danışıqlardan sonra Senatda təsdiq olunmasına yol aça bilər. Senatda əksəriyyətdə olan Demokratlar partiyasının lideri Çak Şumer ikipartiyalı qanun layihəsi üçün prosedur səsverməsinin çərşənbə gecəsi keçirilə biləcəyini qeyd edib.

"Senatorlar yaxşı nəticələr əldə etməyə davam edirlər" - deyə, Demokrat Şumer Senatdakı çıxışında bildirib.

Respublikaçı senator Süzan Kollins isə bəzi detalların hələ də tamamlandığı barədə xəbərdarlıq edib.

"Düşünürəm ki, palatanın hər iki tərəfində infrastruktur paketini istəyən çox sayda insan var" – deyə, bir digər Respublikaçı senator Liza Murkovski jurnalistlərə açıqlamasında qeyd edib.

O əlavə edib ki, senatorlara "yaxın saatlarda" müzakirə olunan qanun layihəsi barədə məlumat veriləcək.

Prosedur səsverməsi Senatın 1,2 trilyon dollar dəyərində olacağı təxmin edilən infrastrukturla bağlı ikipartiyalı qanun layihəsini nəzərdən keçirməyə başlamalı olub-olmadığına dair müzakirələri məhdudlaşdıracaq.

İyulun 21-də Respublikaçılar qanun layihəsinin mətninin hazır olmadığından şikayətlənərək səsvərməni əngəlləmişdilər.

Demokratlar iki partiyanın müzakirələri nəticəsində üzərində razılıq əldə olunan qanun layihəsini ya bu ay, ya da gələn ayın əvvəlində təsdiq etməyi ümid edirlər.

Bu, Demokratların Respublikaçıların qarşı çıxmağa söz verdikləri 3,5 trilyon dollar dəyərində bir başqa qanun layihəsini irəli sürmələrinə yol aça bilər.

XS
SM
MD
LG