Accessibility links

ABŞ təyin olunan vaxta qədər Əfqanıstandan çıxacağını bildirir


ABŞ təyin olunan vaxta qədər Əfqanıstandan çıxacağını bildirir
please wait

No media source currently available

0:00 0:03:31 0:00

ABŞ təyin olunan vaxta qədər Əfqanıstandan çıxacağını bildirir

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı ABŞ-ın Əfqanıstandakı amerikalıları və əfqanları 31 avqust tarixinə qədər təxliyə etmə missiyasını tamamlayacağını deyib. Evakuasiya sürətlənsə də, ABŞ qanunvericilərinin Taliban və İslam Dövləti qrupunun Xorasanda yaratdığı təhlükə və ABŞ-ın Kabildə baş verən xaosa hazırlıqlı olmaması ilə bağlı narahatlıqları davam edir.

ABŞ-ın Əfqanıstandan tam çıxması üçün son tarix olan 31 avqust yaxınlaşdıqca Kabil hava limanında təxliyələr sürətlənir. Ağ Ev ABŞ-ın bu mühüm tarixə qədər ölkədən çıxacağını bildirir.

"Orada olduğumuz hər gün, İŞİD-K-nin (Xorasandakı İslam Dövləti qrupu) hava limanını hədəf alaraq həm ABŞ, həm müttəfiq qüvvələrə həm də günahsız mülki vətəndaşlara hücum etməyi hədəflədiyini bildiyimiz başqa bir gündür" – deyə, Prezident Co Bayden qeyd edib.

Bu açıqlama Talibanın son tarixin uzadılması üçün ABŞ-la danışıqlar aparmayacağını bildirməsindən sonra gəlib.

"Amerikalılara bir daha bütün vətəndaşlarını göstərilən müddətdə geri çəkmələri üçün bir mesaj veririk. İmkanları var, təyyarələri var və hava limanına nəzarət edirlər. Bütün qüvvələrini və onlarla əlaqəli bütün podratçılarını təxliyə etməlidirlər" - Talibanın sözcüsü Zabihullah Mücahid bildirib.

Ağ Ev evakuasiyanın avqustun 31-dən əvvəl dayandırılmasının lazım olduğunu bildirib.

"Oradakı mövcudluğumuza son qoymaq üçün vaxt lazımdır" – deyə, Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Pentaqon ABŞ personalını və avadanlıqlarını çıxarmaq üçün bir neçə gün lazım olacağını açıqlayıb. Administrasiya bütün amerikalıları və seçilən əfqanları təxliyə etmək missiyasını tamamlamaq üçün hələ kifayət qədər vaxtın olduğunu qeyd edir. Ümumilikdə, 70 mindən çox şəxs təxliyə edilib və bu, ABŞ tarixində ən böyük belə əməliyyatdır.

"Bu möhtəşəm komanda işi və diqqətin göstərilməsi, 24 saat ərzində Əfqanıstanı 21600 nəfərin tərk etməsinə səbəb olub" - ABŞ Ordusunun General -mayoru Henk Teylor bildirib.

Ancaq ABŞ qanunvericiləri Əfqanıstan hökumətinin bu qədər tez dağılmasının və bunun xaotik təxliyə ilə nəticələnməsinin səbəblərini nəzərdən keçirir.

"Taliban qüvvələrinin hakimiyyəti ələ keçirə biləcəyi ilə bağlı bir sıra xəbərdarlıqlar var idi və bunlara hakimiyyətin çox tez bir zamanda ələ keçirilmə ehtimalı ilə bağlı xəbərdarlıq da daxil idi. Eyni zamanda, belə sürətli bir çöküşü, Əfqanıstan hökumətinin və qüvvələrinin sürətli və tam bir çöküşünü heç kimin əvvəlcədən təxmin etmədiyini deməyin də ədalətli olduğunu hesab edirəm" – deyə, Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sədri Adam Şiff bildirib.

Kapitolidəki Respublikaçılar Ağ Ev rəsmilərinin çöküşü proqnozlaşdırmadığı və təxliyə planı qurmadığı üçün istefa verməli olduğunu bildirir.

"Bu, Co Baydenin, Kamala Harrisin və bütün administrasiya və məsul şəxslərin günahı idi. Onların geri çəkilmək planı tamamilə məsuliyyətsiz idi. Onlar məlumatlı idilər və atdıqları addımların böhran yaradacağını bilirdilər" – deyə, Respublikaçı Marcori Teylor Qrin bildirib.

Həm Demokratlar, həm də Respublikaçılar Ağ Evin ABŞ-ın təxliyəni vaxtında başa çatdıra biləcəyi iddiasına şübhə ilə yanaşır və Prezident Baydeni son möhlət tarixini uzatmağa çağırıb. Ağ Ev cümə axşamı evakuasiyanın sentyabr ayına qədər davam etməsi lazım olduğu təqdirdə fövqəladə planlarının olduğunu qeyd edib.

XS
SM
MD
LG