Accessibility links

ABŞ təyyarə qalmaqalından sonra Belarusu sanksiyalarla hədəf alır


Minsk, Belarus
Minsk, Belarus

ABŞ cümə günü Belarusda Avropa təyyarəsinin məcburi şəkildə endirilməsi ilə bağlı qlobal etiraz fonunda Rusiya lideri Vladimir Putinlə görüşən Prezident Aleksandr Lukaşenkonun rejimini hədəf alan cəza tədbirləri elan edib.

Ağ Evin mətbuat katibi Cen Psaki "beynəlxalq normalara birbaşa təcavüz" adlandırdığı 23 May hadisələri ilə əlaqədar etibarlı bir beynəlxalq araşdırma çağırışı edib.

Belarusun Ryanair təyyarəsini dayandırmaq üçün hərbi təyyarə göndərib, təyyarədə olan 26 yaşlı müxalif bloqqer və fəal Roman Protaseviçi həbs etməsi qlobal etirazlara səbəb olub.

Ağ Ev Avropa İttifaqı ilə birlikdə Lukaşenko rejiminin əsas üzvlərinə qarşı hədəflənən sanksiyalar siyahısı üzərində çalışdığını açıqlayıb. Eyni zamanda, demokratiya tərəfdarı etirazların repressiyalarla yatırılmasına görə, aprel ayında Vaşinqtonun Belarusun 9 dövlət müəsisəsinə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar 3 iyun tarixində qüvvəyə minəcək.

Psaki ABŞ-ın Belarusa qarşı növbəti addımlarının "korrupsiyanı dəstəkləyənləri, insan haqlarını pozanları və demokratiyaya hücumları dəstəkləyənləri" hədəf ala biləcəyini söyləyib.

Ağ Ev həmçinin ABŞ vətəndaşlarına “Belarusa səyahət etməmək" barədə xəbərdarlıq edib və Belarus hava məkanı üzərində uçuşları nəzərdən keçirən Amerika sərnişin təyyarələrinə son dərəcə ehtiyatlı olmağı tövsiyə edib.

Avropa İttifaqı da Aİ-dəki aviaşirkətləri Belarus hava məkanından uzaq olmağa çağırıb.

Prezident Vladimir Putin isə cümə günü Qara dəniz kurortu Soçidə Lukaşenkonu qəbul edərək, Rusiyanın Belarus ilə yaxın əlaqələrinə diqqət çəkib.

Müşahidəçilərin Kremlin Belarusdakı rejimi dəstəkləməkdə nə qədər uzağa gedəcəyini görmək üçün danışıqları yaxından izləməsi fonunda Rusiya lideri Lukaşenko ilə görüşməkdən çox məmnun olduğunu vurğulayıb və Qərbin reaksiyasını "emosiyaların patlayışı" olaraq qəbul etdiyini söyləyib.

XS
SM
MD
LG