Birləşmiş Ştatlar Talibanla sülh danışıqlarını bərpa edib. Prezident Donald Tramp üç ay öncə qiyamçı qrupla siyasi həll yolu tapıb, Əfqanıstandakı müharibəyə son qoymaq məqsədilə bir il boyu aparılan danışıqları birdən dayandırmışdı.
Əslən əfqanıstanlı olan ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad şənbə günü qiyamçıların qərargahlandığı Qatarın paytaxtı Dohada keçiriləcək danışıqlara başçılıq edir.
“ABŞ bu gün Dohada yenidən başlayan danışıqlara qoşulub. Müzakirə zamanı diqqət Əfqanıstan daxilində danışıqlar və atəşkəsə gətirib çıxaracaq zorakılıqların azaldılmasına yönəldiləcək”, ABŞ mənbəsi Amerikanın Səsinə bildirib.
Tramp sentyabr 7-də Əfqanıstanın paytaxtı Kabildə aralarında amerikalı əsgərin də olduğu bir neçə insanın ölümü ilə nəticələnən qiyamçı hücumuna cavab olaraq danışıqları dayandırmadan öncə ABŞ-Taliban arasındakı müzakirələrə Qatar höküməti ev sahibliyi edirdi.
Danışıqlar hər iki tərəfin ABŞ və müttəfiq qoşunlarının Əfqanıstandan tədricən çıxarılmasına gətirib çıxaracaq razılıq əldə etməyə çox yaxın olduqlarını düşündükləri zaman dayandırılmışdı.
Taliban isə müqabilində Əfqanıstanın nəzarət etdiyi hissələrində terrora qarşı mübarizə aparacağına dair zəmanətlər verəcək, habelə üsynaçıların ölkədə onillərdir davam edən zorakılıqlara həmişəlik son qoyacaq Əfqanıstan daxilində danışıqlara başlayacağına söz verəcəkdi.
Taliban həmçinin döyüşçülərinin qoşunların çıxarıldığı ərazilərdə xarici qoşunlarla atəşkəsə riayət edəcəyini bildirib.
Təhlilçilər Xəlilzad və onun komandasının çətinlikləri aradan qaldıra biləcəklərinə skeptik yanaşır.
ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı sabiq komandiri general Con Nikolson cümə günü Talibanla qiyamçıları ölkədə zorakılıqıları dayandırmağa və ya azaltmağa məcbur etməyən razılıq əldə etməyə qarşı xəbərdarlıq edib.
“Atəşkəs Talibanın əlindəki gücü azaldır, qoşunların çıxarılması isə koalisiyanın hərbi üstünlüyünün azaldır”, Nikolson qeyd edib.
“Fikrimcə beynəlxalq qüvvələrin çıxarılmasına və terrorun müəyyən dərəcədə dayandırılmasına imkan yaradacaq sadə razılıq davamlı olmayacaq. Beləcə bu razlıq bizim təhlükəsizlik maraqlarımızı qorumayacaq”, general deyib.
Nikolson ABŞ-da bəzi ictimai çıxışlarında israr edib ki, Əfqanıstan müharibəsinin xərcləri şişirdilib. O deyib ki, Əfqanıstan müharibəsi Birləşmiş Ştatlara daha ucuz başa gəlib.
“Biz 14 mindən az qoşunumuzun olduğu ölkədə hər il 25 milyard dollar pul xərcləyirdik, amma bu gün bizim oradakı xərclərimiz bu rəqəmin iki qatı olaraq göstərilir”.
Nikolson deyib ki, Amerikaya qarşı gələcək terror hücumlarının qarşısını almaq üçün danışıqlara Əfqanıstandan qoşunların çıxarılmasından sonra orada ABŞ-ın terror əleyhinə missiyasının yerləşdirilməsi məsələsi daxil edilməlidir.