Ştat və yerli hökumət rəsmilərinin verdiyi məlumata görə, bazar günündən bazar ertəsinə keçən gecə ABŞ-ın cənub şərqində baş verən fırtına azı 18 nəfərin ölümünə səbəb olub.
Güclü yağış və şiddətli küləklərlə müşayiət olan fırtına zamanı Texas, Luiziana, Missisipi, Corciya və Tennessi ştatlarında baş verən 34 tornado yüzlərlə evi dağıdıb, azı 860 min insan elektriksiz qalıb.
Onlarla insan xəstəxanaya yerləşdirilib. Tennessi ştatındakı Şattanoqa bölgəsi daha çox zərər çəkib.
Ümumilikdə 10 ştatda gecə saatlarında sel, tufan və tornado barədə gözlənilmədən xəbərdarlıq edilib.
Missisipidə 11 nəfər ölüb. "Heç kəs Pasxa bayramını belə keçirmək istəməzdi" - deyə, Missisipi qubernatoru Teyt Reevs bildirib.
Təbii fəlakət əksər amerikalılar kimi ABŞ-ın cənub bölgələrinin sakinlərinin də koronavirus pandemiyası səbəbi ilə sərt "evdə qal" göstərişlərinə görə Pasxa günü evdə olduqları zaman baş verib.
"Xilasedicilərlə gecə-gündüz çalışırıq və işimiz bitməyincə dincəlməyəcəyik. İnsanlarımızı və əmlakimizi qorumaq üçün bütün mövcud resursları səfərbər edirik" - deyə, Missisipi qubernatoru bildirib.
Milli Hava Xidməti güclü tornadoların külək və daşqınlara səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edərək, təhlükənin bazar ertəsi orta Atlantik sahilləri ərazisindən şimala doğru irəliləyəcəyini bildirib.