Accessibility links

Villiam Barr: Trampın seçkilərin nəticələrinin ləğvi iddiasına dair heç bir dəlil yoxdur


ABŞ baş prokuroru Villiam Barr prezident Donald Trampın noyabrın 3-də keçirilən prezident seçkilərinin nəticələrini ləğv etmək səylərinə yeni bir zərbə vuraraq, Ədliyyə Nazirliyinin seçki nəticələrini dəyişdirəcək geniş yayılmış saxtakarlıqlara dair iddialarla bağlı heç bir dəlil tapmadığını deyib.

Seçki ərəfəsində seçicilərin saxtakarlığı ehtimalı ilə bağlı kəskin xəbərdarlıqlar edən Trampın sadiq müttəfiqi Barr Associated Pressə verdiyi müsahibəsində ABŞ vəkillərinin və Federal Təhqiqat Bürosu agentlərinin saxtakarlıqlarla bağlı şikayətləri araşdırdıqlarını, lakin heç bir dəlil tapmadıqlarını bildirib.

"Bu günə qədər seçkilərdə fərqli bir nəticə verə biləcək miqyasda saxtakarlıq görmədik" - deyə, Barr bildirib.

Onun şərhi Trampın seçkilərin keçmiş vitse-prezident Co Baydenin lehinə saxtalaşdırılması barədə əsassız iddiası ilə kəskin ziddiyyət təşkil edərək, ştatların seçki rəsmilərinin və qubernatorların dediklərini təsdiqləyib.

Trampın seçki kampaniyası və tərəfdarlarının Arizona, Corcia, Nevada, Pennsilvaniya, Miçiqan və Viskonsin ştatlarında səsvermənin nəticələrinə qarşı çox sayda qanuni iddilar qaldırıb. Tramp iddialarının araşdırılmadığına görə Ədliyyə Nazirliyini işə cəlb edib.

Tramp Barrın şərhlərinə reaksiya verməyib. Lakin onun şəxsi vəkili Rudi Ciuliani və seçki kampaniyasının baş hüquq məsləhətçisi Cenna Ellis verdiyi açıqlamada seçki saxtakarlığı ilə bağlı "Ədliyyə Nazirliyinin istintaqının bənzərinin olmadığını" deyib.

XS
SM
MD
LG