Accessibility links

ABŞ Dövlət katibi gələn həftə Vaşinqtonda Ukraynanın xarici işlər naziri ilə görüşəcək


ABŞ dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər baziri Dmitro Kuleba

Dövlət Departamentinin bildirdiyinə görə, ABŞ Dövlət katibi Antoni Blinken gələn həftə Vaşinqtonda Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşəcək.

Mətbuat katibi Ned Prays noyabrın 4-də bildirib ki, görüş noyabrın 10-da, Blinkenin ABŞ-Ukrayna Strateji Tərəfdaşlıq Komissiyasını qəbul etdiyi vaxt baş tutacaq,

"2008-ci ildə fəaliyyətə başlayan ABŞ-Ukrayna Strateji Tərəfdaşlıq Komissiyası ABŞ və Ukrayna arasında əsas prioritetlər və əməkdaşlıq kimi məsələlərin həllində mühüm mexanizmdir" - deyə, Prays mətbuat brifinqində bildirib.

"13 il sonra ABŞ-la Ukraynanın ikitərəfli əlaqələri güclənib və yetkinləşib. Beləliklə, 21-ci əsrin tələblərinə cavab vermək və Ukrayna ilə ikitərəfli tərəfdaşlığı genişləndirmək üçün nizamnamənin yenilənməsinə zərurət yaranıb" - deyə, o əlavə edib.

Prays deyib ki, bu və buna bənzər digər görüşlər “Rusiyanın davam edən təcavüzü də daxil olmaqla, Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiqliyimizi və dəstəyimizi bir daha təsdiqləmək üçün mühüm fürsətdir”.

Vaşinqton Rusiyanın regionda getdikcə artan aqressiv mövqeyinə qarşı mübarizədə Ukraynaya diplomatik və siyasi dəstək verir, eləcə də silah yardımı edib.

Birləşmiş Ştatlar eyni zamanda Ukraynanın korrupsiya ilə mübarizə və islahatların aparılması səylərinin artırılmasında Kiyevə təzyiq göstərib.

Blinken may ayında Ukraynaya səfəri zamanı “Ukrayna iki problemlə üz-üzədir: xaricdən Rusiyanın təcavüzü, daxildəki aqressiya isə korrupsiya, oliqarxlar və öz maraqlarını Ukrayna xalqının maraqlarından üstün tutanlardır” deyib.

Blinken o zaman Kulebaya Vaşinqton “sizinlə işləyəcək və demokratiyanızı gücləndirməkdə, institutlar qurmaqda, korrupsiyaya qarşı islahatlarda sizinlə irəliləməyə davam edəcək” deyib.

XS
SM
MD
LG