ABŞ qanunvericilərinin Ukrayna prezidenti ilə müzakirələrindən bir gün sonra Kyivə əlavə hərbi yardım göstəriləcəyinə söz verilib.
Prezident Co Baydenin administrasiyası Ukraynaya humanitar, hərbi və iqtisadi dəstək üçün Konqresdən $10 milyard dollar istəyib.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bazar günü axşam Demokratlara ünvanladığı məktubda Konqresin növbədənkənar ölçü ilə hökuməti maliyyələşdirəcəyini bildirib.
Hər iki partiyanın Kyivə güclü dəstəyinə baxmayaraq, Konqres üzvləri Ukraynanın başqa bir tələbinə- Rusiyanın hava hücumlarının qarşısını almaq üçün ölkənin hava məkanında “uçuşa qadağan zonası“ çağırışına qarşı çıxır.
Floridadan olan Respublikaçı senator Marko Rubio bazar günü ABC telekanalının “Bu həftə” proqramında bu tələbə qarşı çıxmasını əsaslandırıb.
“Bu, Üçüncü Dünya Müharibəsi deməkdir. Fikrimcə Ukraynanın özünü qorumaq üçün edə biləcəyimiz çox şey var. Lakin insanlar uçuşa qadağa zonanın nə demək olduğunu başa düşməlidirlər,” o deyib.
Konnektikut ştatından Demokrat senator Kris Mörfi Fox News-a şərh verərkən rəsmi Kyivin mövqeyini anladığını bildirib.
“Əgər mən prezident (Volodimir) Zelenski olsaydım, mən də uçuşa qadağa zonası tələb edərdim. Problem ondadır ki, Ukrayna üzərində uçuşa qadağa zonası deyə bir şey yoxdur,” o deyib.
Dövlət Katibi Antoni Blinkenin sözlərinə görə, ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Zelenski ilə Ukraynanın daha çox döyüş təyyarəsi istəməsi ilə bağlı müntəzəm əlaqə saxlayır.
"Bəli, biz bu barədə aktiv danışıqlar aparırıq. Polşanın Ukraynaya MİQ və SU təyyarələri göndərməsinə və ABŞ-ın bunları necə əvəzləməsinə baxırıq," Blinken "Mətbuatla Görüş" teleproqramında bildirib.