Bu gün, oktyabrın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin regiondakı münaqişə sonrası vəziyyət müzakirə edilib.
“Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşdırılması ilə bağlı mövqeyimizi Dövlət katibinin köməkçisinin diqqətinə çatdırıb. Öz növbəsində Karen Donfrid iki ölkə arasında münasibətlərin normallaşdırılmasının vacib olduğunu və ABŞ-ın bu xüsusda dəstək verməyə hazır olduğunu qeyd edib,” nazirliyin məlumatında deyilir.
Mətbuat xidməti idarəsi bildirir ki, tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.