Accessibility links

ABŞ və İran təhdidlərlə çıxış edir


Buna Vaşinqtonun Tehranın neft ixracını bloklamaq səyləri səbəb olub

ABŞ və İran Vaşinqtonun Tehranın neft ixracını bloklamaq səyləri üstündə bir-birlərinə təhdidlər səsləndirib.

Tehran bildirir ki, Amerikanın ixracı bloklamaq cəhdlərinə başqa ölkələrin neft tankerlərinin Hörmüz boğazından çıxışını bağlamaqla cavab verə bilər.

İran prezidenti Ruhani Avstriyaya səfəri əsnasında demişdi ki, Vaşinqton neft məsələsində İranı sıxışdırmaq hədəsini reallaşdırsa, İran da Fars körfəzindəki qonşu ölkələrdən, məsələn Birləşmiş Ərəb Əmirliklərindən və Küveytdən neft daşımalarını poza bilər:

“Amerikalılar deyirlər ki, onlar İran neftinin ixracını sıfıra endirmək istəyirlər. Bu onu göstərir ki, onlar bunun nəticələri barədə düşünməyiblər”.

İran prezidentinin bu bəyanatı dərhal İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandanı tərəfindən alqışlanıb. General-mayor Qasem Süleymani Ruhaniyə ünvanladığı məktubda yazıb:

"Mən vaxtında verilmiş belə şərhə görə sizin əllərinizi öpürəm və sizin İslam respublikasına xidmət edən bütün əmrlərinizi icra etməyə hazıram”.

Qasem Süleymani
Qasem Süleymani

Ruhaninin bəyanatından əvvəl ABŞ bildirmişdi ki, Vaşinqton bütün dünya boyunca neft müştərilərini noyabrın 4-də ABŞ-ın Tehrana qarşı sanksiyalarının qüvvəyə mindiyi gündən İran neftinin alınmasını dayandırmağa çağırıb və neft alıcısı ölkələri cərimələrlə hədələyib.

Öz növbəsində Pentaqon İranın hədələrinə cavab olaraq bildirib ki, ABŞ donanması mühüm dəniz yollarının açıq saxlanması üçün bütün imkanlara malikdir.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Bill Urban iyulun 4-də deyib ki, ABŞ donanması və ABŞ-ın regional müttəfiqləri “beynəlxalq qanunların imkan verdiyi bütün məkanlarda naviqasiyanın azadlığını və ticari daşımaların sərbəstliyini təmin etməyə hazırdır”.

XS
SM
MD
LG