Accessibility links

ABŞ və İsrail Azərbaycanın kənd təsərrüfatı sektoruna dəstək məqsədilə tərəfdaşlıq elan edib


Amerika Birləşmiş Ştatlarının və İsrailin Azərbaycandakı səfirlikləri ölkənin kənd təsərrüfatı potensialını inkişaf etdirmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə innovativ əməkdaşlıq edir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, layihə çərçivəsində universitetin Gəncə şəhəri yaxınlığında yerləşən elmi-tədqiqat kompleksində alma, albalı, nektarin, gavalı və nar sahəsində XXI-ci əsrin istehsal təcrübələrini özündə əks etdirəcək beş nümayiş sahəsi salınacaq.

Bu nümunəvi sahələr ən son ABŞ və İsrail texnologiyalarını və təcrübələrini nümayiş etdirəcək, müasir intensiv becərmə üsullarının tədris platforması olmaqla yanaşı, Azərbaycanda yüksək keyfiyyətli meyvələrin səmərəli istehsalında yardımçı olmaq üçün universitetin bacarıqlarını artıracaq. Layihə Azərbaycan fermerlərinə ixracatlarını və gəlirlərini artırmağa kömək edəcək.

ABŞ və İsrail Azərbaycanın kənd təsərrüfatı sektoruna dəstək məqsədilə tərəfdaşlıq elan edib
ABŞ və İsrail Azərbaycanın kənd təsərrüfatı sektoruna dəstək məqsədilə tərəfdaşlıq elan edib

“Hər ikisi XXI əsrdə kənd təsərrüfatında lider olan ABŞ və İsrail bu mühüm layihə çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunun rəqabətliliyinə dəstək məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin bizimlə tərəfdaşlığından çox məmnundur. Ənənəvi bağlardan fərqli olaraq intensiv bağlar daha məhsuldar, ətraf mühitə az ziyan verən və gəlirli olurlar. Bu yeni layihə Azərbaycan fermerlərinə, istehsalçılarına və aqronomlarına daha az su istifadə edərək daha çox meyvə yetişdirməyə kömək edəcək, bu isə daha çox satış və ixracla nəticələnəcək,” ABŞ səfiri Litzenberger və İsrail səfiri Dik birgə bəyanatda qeyd edib.

Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyi və Beynəxalq Əməkdaşlıq Agentliyi (MASHAV) vasitəsilə Azərbaycandakı İsrail Səfirliyi tərəfindən birgə maliyyələşdiriləcək və ADAU ilə əməkdaşlıq şəklində USAID-in Özəl Sektorun İnkişafı layihəsi və MASHAV tərəfindən icra ediləcək. Tərəfdaşlar Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi və bölgələrdə gəlirlərin artırılması, eyni zamanda daha möhkəm və dayanıqlı icmalar qurmaq istiqamətində birgə məqsədə töhfə verəcəklər.

XS
SM
MD
LG