Accessibility links

ABŞ və koalisiya qoşunlarının İraqdakı bazası 14 raket hücümuna məruz qalıb


Çərşənbə günü ABŞ və digər beynəlxalq qüvvələrə ev sahibliyi edən İraq hava bazasına ən azı 14 raket zərbəsi endirilib. Nəticədə iki nəfər yüngül xəsarət alıb.

Digər tərəfdən ABŞ rəhbərliyindəki koalisiya qüvvələri bildirir ki, Suriyadakı kürd qüvvələri ABŞ qüvvələrinin də fəaliyyət göstərdiyi bölgədə pilotsuz təyyarənin hücumunun qarşısını alıb.

Hücumlara görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, ABŞ qüvvələrinin fəaliyyət göstərdiyi hər iki ölkə - Suriya və İraq İranın dəstəklədiyi qüvvələrin təsiri altındadır.

İranla müttəfiqlik yaradan İraqdakı hərbi qruplaşma keçən ay ABŞ-ın İraq-Suriya sərhəddinə təşkil etdiyi hücumlar nəticəsində üzvlərindən dördünün öldürülməsindən sonra cavab verəcəyinə söz vermişdi.

Koalisiyanın sözçüsü, ABŞ Ordusunun polkovniki Veyn Marotto bildirib ki, İraqın qərbindəki Əyn əl-Əsəd hava bazasına edilən raket hücumunda iki nəfər yüngül yaralanıb.

O, ilk əvvəl üç nəfərin yaralandığını, raketlərin bazaya və ətraf ərazilərə düşdüyünü Twitterdə yazmışdı.

ABŞ ordusunun Suriyada hücuma məruz qalması barədə heç bir açıqlama verilməyib.

Amerika Birləşmiş Ştatları keçən həftə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bildirib ki, Suriya və İraqdakı İranın dəstəklədiyi militant qrupları, eləcə də Tehranı ABŞ personalına və ya obyektlərinə qarşı daha çox hücumun təşkil etdirməkdən və ya dəstəkləməkdən çəkindirmək üçün hava hücumları həyata keçirəcək.

İran isə öz növbəsində İraq və Suriyadakı ABŞ qoşunlarına qarşı hücümü təkzib edib. Və ABŞ-ın İranın dəstəklədiyi silahlılara qarşı hava hücumlar həyata keçirməsini qınayıb.

İraq ordusunun rəsmiləri ABŞ bazalarına qarşı raket və partlayıcı yüklü pilotsuz təyyarələrlə edilən son hücumların sürətinin misilsiz olduğunu deyir.

İraq hərbi mənbələri çərşənbə günü Əyn əl-Əsəd hava bazasına edilən hücumda istifadə edilən, yük maşınının arxasına yerləşdirilmiş bir raketatanın yaxınlıqda yandırılan əkin sahələrində tapıldığını bildirir.

Bu hadisələrin fonunda ABŞ və İran, eləcə də digər dünya gücləri 2015-ci ildə bağlanmış nüvə razılaşmasını canlandırmaq üçün danışıqlar aparırdı. 20 iyun tarixində təxirə salınan danışıqların növbəti mərhələsi üçün hələ də tarix təyin olunmayıb.

XS
SM
MD
LG