Accessibility links

ABŞ və Polşa müdafiə razılığı imzalayıblar


Birləşmiş Ştatlar və Polşa Varşavada yaxınlarda üzərində razılaşdıqları Ətraflı Müdafiə Əməkdaşlığı Sazişini (EDCA) imzalayıblar.

Dövlət katibi Mayk Pompeo və Polşanın müdafiə naziri Mariusz Blaszçak razılığı prezident Andjey Dudanın qısa çıxışından sonra imzalayıblar:

“Birləşmiş Ştatlar bizim Polşa ilə ikitərəfli əlaqələrimiz yüksək dəyərləndirir. Biz Polşanın EDCA-nı sürətli şəkildə təsdiqləməsini gözləyirik. Bu, bizə Prezident Tramp və Prezident Dudanın nəzərdə tutduqları ətraflı müdafiə əməkdaşlığını həyata keçirməyə imkan verəcək,” Dövlət Departamenti bəyanatında bildirib.

Bu saziş NATO-nun mövcud Qüvvələrin Vəziyyəti Razılığına əlavədir.

Hazırda Polşada təxminən 4500 ABŞ qoşunu yerləşir və hər iki ölkənin keçən il razılaşdığı kimi onlara 1000 qoşun da əlavə olunacaq.

Pentaqon ötən iyul ayında Almaniyadan 12 min qoşunun çıxarılacağını və onlardan 5600-nün Polşa daxil olmaqla Avropanın digər ölkələrində yerləşdiriləcəklərini bildirib.

ABŞ qoşunlarının yerlərinin dəyişdirilməsi Prezident Donald Trampın Almaniyadan Amerika qüvvələrini azaltmaq tələbinin bir hissəsidir.

Bundan əlavə Pompeo şənbə günü Polşanın paytaxtında baş nazir Mateus Moravieki ilə görüşüb. Dövlət Departametinin sözçüsü Morqan Ortaqusun dediyinə görə, Pompeo orada Varşava Döyüşünün 100 illiyinə həsr olunan tədbirdə iştirak edib.

Pompeo və Moravieki Polşanın mülki nüvə enerjisi proqramının inkişaf etdirilməsi yolunda əməkdaşlıq etmək üçün yeni ikitərəfli razılığı müzakirə ediblər.

Pompeo və Moravieki müdafiə əməkdaşlığından əlavə həmçinin Belarus xalqına dəstəyi, COVID-19 pandemiyasından sonra bərpa tədbirlərini, 5G şəbəkələrini və Üç Dəniz Təşəbbüsü vasitəsilə regionda enerji və infrastrukturun təkmilləşdirilməsini müzakirə ediblər.

Polşa Pompeonun mərkəzi və şərqi Avropanın dördüncü və sonuncu dayanacağıdır. O bu səfər çərçivəsində Çex Respublikası, Slovenya və Avstriyaya səfər edib və orada həmin ölkələrin liderləri ilə görüşüb.

XS
SM
MD
LG