ABŞ Rusiyanın Ukrayna ilə sərhəddə hərbi güc toplamasına cavab olaraq müttəfiqləri ilə sıx əlaqə saxlayır.
Müdafiə naziri Lloyd Ostin çərşənbə axşamı Polşanın milli müdafiə naziri Mariuş Blaşçakla telefonla danışaraq, Pentaqonun dəfələrlə “qeyri-adi hərbi fəaliyyət” adlandırdığı Moskvanın addımlarını müzakirə edib.
Onlar, həmçinin Polşanın Belarusla sərhədindəki vəziyyətlə bağlı narahatlıqlarını bölüşüblər. Polşa rəsmiləri Belarus rejimini gərginliyi artırmaq üçün minlərlə miqrantdan istifadə etməkdə ittiham edir.
Ostin bu zəngi Cənubi Koreyalı həmkarı ilə danışıqlar üçün Seula gedərkən həyata keçirib.
Ukrayna kəşfiyyatının rəsmiləri bildirir ki, Rusiya 2014-cü ildə işğal etdiyi Krımda və sərhəd bölglərində 90 minə yaxın hərbçi yerləşdirib.
Bir çox ABŞ rəsmisi Vaşinqton və avropalı müttəfiqlərin Rusiyanın sadəcə güc göstərişinin danışıqlardan daha çox ola biləcəyindən narahatlıq ifadə edərək, “bir sıra gözlənilməz vəziyyətlər” üçün planlar hazırlandığını bildirir.
ABŞ rəsmiləri eyni zamanda Birləşmiş Ştatların Ukrayanaya "sarsılmaz" dəstəyini ifadə edir və Moskvanın qarşısını almaq üçün bir sıra vasitələr nəzərdən keçirilir.
Eyni zamanda Britaniya kəşfiyyatının yüksək səviyyəli rəsmisi çərşənbə axşamı xəbərdarlıq edərək bildirib ki, Moskvanın"etinasız hərəkətləri" artmaqdadır.
“Biz, müttəfiqlərimiz və tərəfdaşlarımız Rusiya Federasiyasının qaydalara əsaslanan beynəlxalq sistemə zidd fəaliyyətinə qarşı çıxmalı və qarşısını almalıyıq” - deyə, MI6-nın rəhbəri Riçard Mur Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda çıxışı zamanı bildirib.
“Moskva Krım da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizə şübhə etməməlidir” - deyə, Mur əlavə edib.
Rusiya rəsmiləri də öz növbəsində ABŞ və müttəfiqlərini regionda gərginliyi artırmaqda ittiham edir.
Rusiyanın TASS xəbər agentliyi keçən həftə ölkənin müdafiə naziri Sergey Şoyquya istinadla bildirib ki, Moskva “Rusiyanın sərhədləri yaxınlığında ABŞ -ın strateji bombardmançılarının nəzərəçarpacaq artımının şahidi olur".
Şoyqu, həmçinin ABŞ-ın strateji bombardmançı təyyarələrinin “əslində eyni vaxtda qərb və şərq istiqamətlərindən Rusiyaya qarşı nüvə silahı tətbiq etməyi təcrübə edirlər” - deyə, bildirib.
ABŞ 2014-cü ildən bəri Ukraynaya təhlükəsizlik üçün 2,5 milyard dollar ayırıb ki, bu məbləğin 400 milyon dolları 2021-ci ildə ayırıb.
Sonuncu tədarüklərə Ukrayna donanması üçün patrul katerləri və Ukrayna qüvvələri üçün 80 min kiloqram sursat daxildir.