Accessibility links

ABŞ və Taliban tarixi razılıq imzaladı


Dohada razılıq imzalanır
Dohada razılıq imzalanır

Birləşmiş Ştatlar və Taliban şənbə günü Dohada razılıq əldə edib. Bu razılıq Əfqanıstanda 19 ilə yaxındır davam edən müharibəyə son qoyulması və ölkəyə yerləşdirilən minlərlə amerikalı əsgərlərin geri gətirilməsi üçün zəmin yaradır.

ABŞ-ın baş vasitəçisi Zalmay Xəlilzad və Talibanın siyasi məsələlər üzrə sədr müavini Molla Əbdül Qani Baradar razılığı Qatarın paytaxtında bir hoteldə keçirilən mərasimdə imzalayıblar. Mərasimdə ABŞ-ın dövlət katibi Mayk Pompeo və bir sıra ölkələrin xarici işlər nazirlərləri iştirak edib.

Ağ Ev razılıq imzalanandan sonra yaydığı bəyanatda bildirib ki, prezident Donald Tramp Əfqanıstanda sülh əldə etmək yolunda irəliləməklə ABŞ qoşunlarını xaricdə bitməyən müharibələrdən geri gətirmək vədini yerinə yetirir.

"Talibanla Əfqanıstanda münaqişəyə son qoymaq üçün lazım olan mühüm öhdəlikləri təmin edəcək razılıq əldə olunub. Hələ görüləsi işlər qalsa da, bu irəliləyiş sülh üçün tarixi bir imkandır,” bəyanatda yazılıb.

Razılığa əsasən Vaşinqton və müttəfiqləri Əfqanıstan torpaqlarının transmilli terrorçu qruplara sığınacaq olmayacağına dair zəmanətlər müqabilində bütün hərbi qüvvələri 14 ay ərzində Əfqanıstandakı beş bazadan çıxaracaqlar.

İlk 135 gündə Əfqanıstandakı Amerika əsgərlərinin sayı təxminən 13 mindən 8600-ə azaldılacaq.

Taliban həmçinin Əfqanıstandakı maraqlı tərəflərlərlə müharibədən sonra daimi atəşkəs və hakimiyyətin bolgüsü ilə bağlı sülh danışıqları aparacağını vəd edib. Əfqanıstan daxilində danışıqların 10 gün ərzində başlayacağı gözlənilir. Bu danışıqlardan öncəki günlər ərzində Əfqanıstan höküməti 5 min Taliban məhbusunu azadlığa buraxacaq, qiyamçılar isə 1000 məhbusu azadlığa buraxmalı olacaq.

ABŞ-ın dövlət katibi Mayk Pompeo
ABŞ-ın dövlət katibi Mayk Pompeo

“Əgər biz razılaşdığımız öhdəliklər və vədlərlə bağlı konkret addımlar atmasaq, razılıq heç bir məna kəsb etməyəcək və bugünkü xoş hisslər çox davam etməyəcək,” Pompeo Dohada imzalama mərasimi zamanı söyləyib.

O bildirib ki, Əfqanıstanlar öz talelərini Əfqanıstan daxilindəki danışıqlar vasitəsilə müəyyən edəcək. “ABŞ-la Taliban arasında razılıq əfqanların bunu etməsi üçün şərait yaradır.”

Talibanın Pakistanda yaşadığı deyilən başçısı Haibatullah Axundzadə döyüşçülərini sülhə əməl etməyə çağırıb və bu razılığı qiyamçı qrup üçün qələbə adlandırıb.

"Bu qələbə bütöv müsəlman və mücahid xalqların birgə qələbəsidir. Bütün xarici qüvvələrin Əfqanıstandan çıxarılmasına dair razılıq sözsüz ki, böyük nailiyyətdir”, Axundzadə mediaya verdiyi bəyanatda bildirib.

Pomepo imzalama mərasimində deyib ki, “qələbə elan etmək istəyi olacaq”, lakin onun sözlərinə görə, onlar sülh içində yaşayıb, çiçəkləndiyi zaman qəlbə çalacaq.

Dövlət katibi həmçinin qeyd edib ki, Əfqanıstan daxilində dialoq prosesi çətin keçəcək.

Müdafiə naziri Mark Esper də Əfqanıstan höküməti ilə birgə bəyanat yayaraq Əfqanıstanı tərəfdaşların ABŞ-ın başçılığı ilə sülh prosesinə öhdəliklərini yerinə yetirəcəklərinə inandırıb.

Esper şənbə günü Kabilə səfəri zamanı deyib ki, Taliban tərəfinin ödhəliklərini yerinə yetirməməsi Vaşinqtonu razılıqdan geri çəkilməyə vadar edə bilər.

“Əgər Taliban öhdəliklərini yerinə yetirməsə, onlar digər əfqanlarla ölkələrinin gələcəyi ilə bağlı danışıqlar aparmaq şansını itirəcəklər. Bundan əlavə Birləşmiş Ştatlar da razılığı ləğv etməkdə tərəddüd etməyəcək,” Esper xəbərdarlıq edib.

Əfqanıstanın prezidenti Əşrəf Qani Esper və NATO-nun baş katibi Yens Stoltenberqlə danışıq zamanı deyib ki, onun höküməti ölkədə sülhü təşviq etmək üçün Talibanla daha geniş danışıqlar aparmağa hazırdır.

ABŞ Əfqanıstana 19 il öncə 2001-ci ilin sentyabrın 11-də Birləşmiş ştatlara hücumdan sonra hərbi müdaxilə edib. ABŞ bu müdaxiləsinin ABŞ-a 1 trilyon dollara başa gəldiyini və təxminən 2400 amerikalı əsgərin ölümü ilə nəticələndiyini bildirir.

XS
SM
MD
LG