Rusiya qoşunlarının Rusiya-Ukrayna sərhədi yaxınlığında qeyri-adi şəkildə cəmləşməsi ilə bağlı narahatlıqlar fonunda Ukraynanın müdafiə naziri müdafiə və strateji məsələləri müzakirə etmək üçün Vaşinqtona gəlib. ABŞ rəsmiləri Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhədə yaxın ərazidə toplanmasına nəzarət etdiklərini bildirib.
Vaşinqtonda səfərdə olan Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib ki, Rusiyanın daimi hərbi mövcudluğu yeni bir şey deyil. “Bizim kəşfiyyatımız, Amerika kəşfiyyatı, Britaniya kəşfiyyatı öz işlərini görür. Əldə edilənləri müqayisə etdik və eyni mənzərəni gördük. Biz səkkiz ildir Rusiya ilə bu hibrid müharibəsində yaşayırıq. Buna görə də bizim üçün bu, gözlənilməz deyil” - deyə, o bildirib.
Buna cavab olaraq ABŞ Müdafiə naziri Ukraynanı dəstəklədiyini təsdiqləyib. “Prezident (Co) Baydenin prezident Vladimir Zelenskiyə dediyi kimi, sizi əmin etmək istəyirəm, Ukraynanın özünümüdafiəsi, suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz sarsılmazdır.”
Müharibələrin Tədqiqati İnstitutu da Rusiya qoşunlarının Ukrayna yaxınlığında hərəkətini izləyir. Rusiya üzrə analitik Meyson Klark deyir ki, onlar hərbi hərəkatin olduğunu görür. O, həmçinin Ukraynaya işğalın Rusiya prezidenti Vladimir Putin üçün əks nəticə verə biləcəyini deyir. "Böyük bir hücum əməliyyatı çox güman ki, "Şimal axını"nın sertifikatlaşdırılmasını gecikdirərək, NATO və ya digər Avropa qüvvələrinin Ukraynaya yerləşdirməsi xərclərini əhəmiyyətli dərəcədəartıra bilər. Və bu, çox güman ki, kifayət qədər yüksək xərcli əməliyyat olacaq. 2021-ci ilin Ukrayna ordusu2014-cü ilin ordusu deyil.
Bununla belə, NATO baş katibinin keçmiş müavini Aleksandr Verşbonun dediyinə görə, Putin riskə girə bilər. “Putin Ukraynanın Qərbə qoşulmaq cəhdlərində uğur qazanmasının qarşısını almaq üçün daha böyük risklərə gedə bilər. Çünki söhbət cənab Putindən gedir. Putin bizim nöqteyi-nəzərimizdə tamamilə məntiqli görünməyən addımlar ata bilər”.
Ukraynanın müdafiə naziri qərbin dəstək vədinin həlledici rol oynaya biləcəyini deyib. “Biz hazırıq. Ordumuz hazırdır, lakin bizə bütün sivil dünyanın vahid köməyi lazımdır. Bizim qorxmağa vaxtımız yoxdur. Davamlılığa hazır olmaq üçün vaxta ehtiyacımız var” - deyə, Oleksiy Reznikov bildirib.