VAŞINQTON – ABŞ Ədliyyə Departamenti cümə axşamı Venesuela Prezidenti Nikolas Maduro və ölkənin başqa yüksək rütbəli rəsmilərinə qarşı narko-terrorizm üzrə cinayət ittihamları irəli sürüb. Departament Venesuelanın sosialist liderlərinin solçu Kolumbiya üsyançı dəstəsi ilə əlbir olaraq Birləşmiş Ştatlara kokain nəql etdiyini bildirib.
Bu ittihamların ABŞ və Venesuela arasında onsuz da gərgin münasibətləri bir qədər də gərginləşdirəcəyi gözlənilir.
Ötən il ABŞ Prezidenti Donald Trampın Maduronun seçki rəqibini ölkənin müvəqqəti prezidenti kimi tanımasından və Venesuelaya sərt sanksiyalar tətbiq etməsindən sonra ölkələr arasında münasibətlər xeyli pisləşib.
Nyu Yorkda açıqlanan ittihamnamədə amerikan ittihamçılar Maduronun iki Kolumbiya üsyançı lideri ilə əməkdaşlıq quraraq narko-kartel işlətdikləri bildirilir. Bu işbirliyində Venesuela parlamentinin spikeri, hərbi kəşfiyyatın sabiq lideri və Venesuela silahlı qüvvələrinin sabiq generalının da adları yer alır.
Dörd şəxs ABŞ-a kokain nəql etmək üçün konspirasiyada və silah qaçaqmalçılığı ilə bağlı iki maddə üzrə ittiham olunur.
Ayrıca ittihamnamədə Venesuelanın Müdafiə Naziri Vladimir Padrino ABŞ-da qeydiyyatdan keçmiş təyyarədə kokain paylamaq qəsdində və Venesuelanın Ali Məhkəməsinin Baş Hakimi Jose Moreno Perez isə 10 milyonlarla dollar çirkli pulu yumaqda ittiham olunur.
Toplam olaraq 15 hazırkı və keçmiş Venesuela rəsmisi və 2 kolumbiyalı FARC qrupu liderinə qarşı cinayət işləri qaldırılıb.
İttihamlar ABŞ Baş Prokuroru Vilyam Barr və başqa yüksək rütbəli ədliyyə rəsmilərinin virtual mətbuat konfransında açıqlanıb.