Kanadanın paytaxtını həftələrlə iflic edən nümayişlərdən nümunə götürən ABŞ-ın yük maşını sürücüləri koronavirus məhdudiyyətlərinə etiraz əlaməti kimi ştatlar arasında 4000 km məsafəni qət edərək, paytaxt Vaşinqtona doğru irəliləməyi planlaşdırır.
"Xalq Konvoyu"nun təşkilatçıları "iqtisadiyyatda dirçəliş" etmək və ölkəni yenidən açmaq istədiklərini bildirib. Açıqlamaya görə, onlar 11 günlük səfəri zamanı ABŞ-ın Beltway adlanan əsas magistral yola martın 5-də çıxmağı planlaşdırır. Lakin onlar paytaxta girməyəcəklərini bildirib.
Pentaqon çərşənbə axşamı Kolumbiya Mahalının Milli Qvardiyasının 400 nəfərdən ibarət dəstəsi fevralın 26-dən martın 7-dək "təyin edilmiş nəqliyyat postlarına dəstək göstərəcək, komandanlıq və nəzarəti təmin edəcəyini" bildirib.
Yol-nəqliyyat postlarına 50-yə yaxın iri taktiki avtomobilin də yerləşdirilməsinə icazə verilib.
Təşkilatçılardan biri, yük maşını sürücüsü Brayan Breys qrupun tələbləri yerinə yetirilməyincə, yük maşınlarının harada dayanmasından asılı olmayaraq, "heç yerə getməyəcəyik" deyib. Bu tələblərə COVID-19 peyvəndi və maska tələblərinə son qoyulması daxildir.
ABŞ ştatlarının çoxu artıq bəzi məhdudiyyətləri yüngülləşdirir. Konvoyun başladığı Kaliforniyada keçən həftə universal maska tələbləri qaldırılıb. Peyvənd edilmiş insanlar üçün maskalar yalnız ictimai nəqliyyat, məktəblər və səhiyyə müəssisələri kimi yüksək riskli ərazilərdə tələb olunur.
Çərşənbə günü səhər Prezident Co Baydenin vətəni, Pensilvaniya ştatının Skranton şəhərindən 495 Beltway magistral yolu ilə gələn başqa bir konvoyun Vaşinqtona günortadan sonra çatacağı gözlənilir.
Təşkilatçı Bob Bolos ABC kanalının Vaşinqtondakı filialı WJLA news-a bildirib ki, onun karvanının məqsədi qanunları pozmaq və ya nəqliyyatın qarşısını almaq deyil, lakin bu, onların pandemiya mandatları və yanacağın qiyməti ilə bağlı tələbləri nəzərə alınmazsa baş verə bilər.
"Onlar bizi nə qorxuda, nə də təhdid edə bilər. Güc onlar deyil, bizik" - deyə, o bildirib.