Accessibility links

ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreya üzərində təzyiqi artırmağa razılaşıblar


Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya cümə günü keçirilən yüksək səviyyəli təhlükəsizlik danışıqları zamanı Şimali Koreyaya nüvə və balistik raket proqramından imtina etməsi üçün təzyiq göstərməyə davam etdirmək üzərində razılıq əldə ediblər.

ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, onun yaponiyalı həmkarı Şigeru Kitamura və Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri Suh Hun bir gün aparılan danışıqlardan sonra birgə bəyanatda məsələni “nüvəsizləşdirməyə aparan razılaşdırılmış üçtərəfli əməkdaşlıq yolu” ilə həll etmək öhdəliyini təkrarlayıblar.

Üç ölkə həmçinin beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı “nüvə silahlarının yayılmasının qarşısının alınmasına və Koreya Yarımadasında sabitlik və sülhü təmin etmək üçün əməkdaşlığın aparılmasına” dair qətnamələri həyata keçirməsinin vacibliyi üzərində razılıq əldə ediblər,” açıqlamada bildirilib.

Açıqlamada deyilir ki, milli təhlükəsizlik müşavirləri həmçinin COVID-19, iqlim dəyişikliyi və Myanmada demokratiyanın bərpasının təşviqi kimi başqa problemləri həll etmək üçün birlikdə işləməyin nə qədər dəyərli olduğunu müzakirə ediblər.

Merilend ştatının Annapolis şəhərində ABŞ-ın Dəniz Donanması Akademiyasında keçirilən bu danışıqlar Bayden 20 yanvarda vəzifəsinin icrasına başlayandan bəri ən yüksək səviyyəli görüşdür və Şimali Koreyanın bu həftə raket atmasından sonra gərginliyin artması fonunda baş tutub.

Administrasiyası Şimali Koreya ilə bağlı siyasətini nəzərdən keçirən Bayden ötən həftə Birləşmiş Ştatların balistik raket sınaqlarına baxmayaraq Şimali Koreya ilə diplomatiya aparmağa açıq olduğunu deyib və xəbərdarlıq edib ki, əgər Şimali Koreya məsələləri eskalasiya etsə, cavab tədbirləri ilə üzləşəcək.

Ağ Ev Şimali Koreya ilə bağlı siyasəti ilə bağlı məlumat verməyib və Pxenyanı nüvə silahlarından imtina etməsini müzakirə etmək üçün danışıq masasına cəlb etmək məqsədilə hər hansı güzəştlərə gedib-getməyəcəyini bildirməyib.

Lakin Dövlət Departamentinin sözçüsü Ned Prays cümə axşamı nüvəsizləşdirmə məsələsinin Pxenyanla bağlı siyasətin mərkəzində qalacağını və onun Yaponiya və Cənubi Koreya daxil olmaqla yaxın müttəfiqlərlə birlikdə tərtib edilməli olduğunu bildirib.

XS
SM
MD
LG