Accessibility links

ABŞ: Yaxın Şərqdə hərbi mövcudluq İranın amerikalılara qarşı mümkün hücumlarının qarşısını alıb


ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Pat Şanahan deyib ki, Birləşmiş Ştatların hərbi qüvvələrinin Yaxın Şərqdə mövcudluğu İranın geri çəkilməsinə səbəb olub və başqa hücumlar həyata keçirsə belə, “amerikalılara qarşı mümkün hücumların” qarşısını alıb.

“Bu o demək deyil ki, bizim bundan əvvəl müəyyənləşdirdiyimiz təhlükələr aradan qalxıb. Bizim ehtiyatlı cavabımız iranlılara yenidən hesablama üçün vaxt verdi” - deyə, Pat Şanahan çərşənbə günü Pentaqonda müxbirlərə bildirib.

“Biz bu təhlükələr haqda danışırdıq və hücumlar da oldu”, o əlavə edib.

ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Pat Şanahan və dövlət katibi Mayk Pompeo Kapitolidə senatorlarla görüşdən sonra müxbirlərin suallarını cavablandırır, 21 may, 2019.
ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Pat Şanahan və dövlət katibi Mayk Pompeo Kapitolidə senatorlarla görüşdən sonra müxbirlərin suallarını cavablandırır, 21 may, 2019.

Onun hansı hücumlardan danışdığı haqda sualın cavabında leytenant-polkovnik Co Buççino Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatlar kəşfiyyatı İranın körfəzdə dörd neft tankerinə hücuma görə belə görünür məsuliyyət daşıdığına işarə edir.

ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Pat Şanahan və Tramp administrasiyasının digər yüksək səviyyəli rəsmiləri çərşənbə axşamı günü İranın Yaxın Şərqdə Ağ Evin bildirdiyi kimi yaratdığı təhlükələrlə bağlı Konqres üzvlərini məlumatlandırmaq üçün bağlı qapılar arxasında müzakirələr keçirib.

Kapitolidə görüşdə Şanahanla yanaşı, dövlət katibi Mayk Pompeo və Birgə Baş Qərargahlar rəisi general Cozef Danford da iştirak edib.

ABŞ qanunvericiləri artıq günlərdir İranın yaratdığı təhlükələrlə bağlı informasiyanın verilməsini tələb edir.

Birgə Baş Qərargahlar rəisi general Cozef Danford ABŞ Senatında İranla bağlı dinləmələrə gələn zaman, may 21, 2019.
Birgə Baş Qərargahlar rəisi general Cozef Danford ABŞ Senatında İranla bağlı dinləmələrə gələn zaman, may 21, 2019.

Prezident Donald Tramp bazar ertəsi günü bildirib ki, İran “olduqca düşmən” mövqeyindədir və Birləşmiş Ştatların İranın aqressiyasına “tam güclə” cavab verməkdən başqa seçimi olmayacaq.

Biz İranın öz əlaltılarının arxasında gizlənməsinə imkan verməyəcəyik, amma Amerikanın maraqlarına hücum edilsə, biz birbaşa İranın özü, istərsə də onun əlaltıları vasitəsilə İrana müvafiq şəkildə cavab verəcəyik.
Dövlət katibi Mayk Pompeo

ABŞ-ın 5-ci Flotiliyası Ərəbistan dənizində təhlükələrə cavab verilməsi üçün hərbi dəniz qüvvələrinin patrulu və məşqlərinin gücləndirildiyini bildirib. Pentaqon regionda USS Abraham Lincoln təyyarədaşıyan hərbi gəmi, USS Arlington desant platforması, Patriot raket müdafiə batareyası və B-52 bombardmançılarını yerləşdirib.

Yaxın Şərqdə gərginliklərin artması ilə əlaqədar olaraq Birgə Baş Qərargahlar rəisi general Cozef Danford çərşənbə günü NATO üzvləri ilə görüşmək üçün Brüsellə planlaşdırdığı səfərini təxirə salıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın mesajlarına cavab verərək, ona hədə gəlmək əvəzinə “hörmət göstərməyə çalışmağı” tövsiyə edib. “Təcavüzkarlar gəlib gedib, iranlılar isə minilliklər boyu ləyaqətlə dayanıblar”, qədim tarixə istinad edən Zərif bəyan edib.

İranın regionda tərəfdarları

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, ABŞ qarşısında Yaxın Şərqdə əsas sınaqlardan biri İranın Yəməndə Husi üsyançıları kimi tərəfdarlarına yardım etmək qabiliyyətinin azaldılmasından ibarətdir.

“Biz İranın öz əlaltılarının arxasında gizlənməsinə imkan verməyəcəyik, amma Amerikanın maraqlarına hücum edilsə, biz birbaşa İranın özü, istərsə də onun əlaltıları vasitəsilə İrana müvafiq şəkildə cavab verəcəyik” - deyə, Pompeo Salem radio şəbəkəsinə müsahibəsində bildirib.

ABŞ-ın nüfuzlu senatorlarından biri olan Lindsi Qraham bazar ertəsi günü milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton tərəfindən məlumatlandırıldıqdan sonra deyib:

“Aydındır ki, son bir neçə həftə ərzində İran digər ölkələrə məxsus neft kəmərləri və gəmilərə hücumlar edib və Amerikanın İraqdakı maraqlarına təhlükə yaradıb.”

XS
SM
MD
LG