Accessibility links

ABŞ yeni sanksiyalarla İranın polad sənayesini hədəf alır


ABŞ Maliyyə Nazirliyi Donald Trampın prezidentliyinin son günlərində ABŞ-ın Tehrana qarşı təzyiq kampaniyasında son addım olaraq, çərşənbə axşamı Birləşmiş Ştatların İranın polad sənayesi ilə əlaqəli təşkilat və şəxslərə sanksiya tətbiq etdiyini bildirib.

ABŞ Maliyyə Nazirliyi açıqladığı bəyanatda ondan çox müəssisənin və bir şəxsin qara siyahıya salındığını bildirib.

Sanksiyalar polad istehsalında əsas elementlər olan karbon materialları istehsal edən Çinə məxsus Kaifeng Pingmei New Carbon Materials Technology Co. Şirkətinə (KFCC) qarşı tətbiq edilib.

Maliyyə Nazirliyi şirkətin 2019-cu il dekabr və 2020-ci il iyun ayları arasında İran ticarət firması vasitəsilə İrandakı bir polad şirkətinə material və avadanlıq satdığını bildirib. Şirkət İranın polad istehsal edən Pasargad Çelik Kompleksinə “maddi yardım, sponsorluq və ya maliyyə, maddi və ya texnoloji dəstək verdiyinə və ya xidmətlər göstərdiyinə görə” sanksiyaların hədəfi olub.

"Tramp administrasiyası terror qruplaşmalarına sponsorluq etməyə, repressiv rejimlərə dəstək verməyə və kütləvi qırğın silahları axtarmağa davam etdiyi üçün İran rejiminin gəlirlər əldə etməsinə qarşı çıxmağa sadiq qalır" - deyə, Maliyyə naziri Stiven Mnuçin bildirib.

Nazirlik ayrıca 9 İran polad istehsalçısını və İran İslam Respublikası Gəmiçilik Xəttlərinin filialı olan İranda qərargahlanan Hafez Darya Arya Gəmiçilik şirkətinin icraçı direktoru Məcid Səcdəhin də hədəf alındığını açıqlayıb.

İran hökuməti bu sanksiyalara dərhal cavab verməyib.

İranın polad sektoru İran hökumətinin əsas gəlir mənbəyidir. Dünya Polad Assosiasiyasına görə, ölkənin polad sənayesi 2020-ci ilin ilk 11 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 13% daha çox təmizlənməmiş polad istehsal edib və İranı dünyanın ən böyük 11-ci təmizlənməmiş polad istehsalçısına çevirib.


XS
SM
MD
LG