Accessibility links

ABŞ- İslam Dünyası Forumu işini başa çatdırır


ABŞ- İslam Dünyası Forumu işini başa çatdırır
ABŞ- İslam Dünyası Forumu işini başa çatdırır

Birləşmiş Ştatlar və 30-dan çox müsəlman ölkəsinin lideri iştirak etdiyi ABŞ- İslam Dünyası Forumu işini başa çatdırır.

Ərəb dünyasında mühüm ictimai-siyasi proseslərin baş verdiyi bir zaman təşkil edilmiş forumda ərəb dünyasını bürümüş hadisələrin qlobal və regional təsirləri geniş şərh edilib.

İki gün sürən forumda ABŞ və müsəlman ölkələri arasında münasibətlərə təsir göstərən mühüm məsələlər Amerika və müsəlman ölkələrinin rəsmiləri, aparıcı ekspertlər, siyasətçilər və mətbuat üzvləri tərəfindən geniş müzakirə olunub.

ABŞ Dövlət katibi Hillari Klinton forumun ilk günü çıxışında regionda son onilliklər ilk dəfə olaraq dəyişiklik yaratmaq üçün real imkanların yarandığını bəyan etdi. Xanım Klinton region liderlərini islahatlara çağıraraq dedi ki, son inkişaflar onlar öz xalqları ilə region üçün ən mühüm məsələlər olan iqtisadi sistemin divertifikasiyası, siyasi sistemin açıq olması, korrupsiya ilə mübarizə aparılması, qadınlar və azlıqların hüquqlarının müdafiə edilməsi istiqamətində birgə işlədiyi zaman nəticə verəcək.

Forumun işgüzar iclasları və diskussiyalarında ABŞ senatorları Con Kerri və Con Makkeyn, ABŞ-ın keçmiş Dövlət katibi Madlen Olbrayt, ABŞ-ın Təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski, İslam Konfransı Təşkilatının Baş katibi Ekmeleddin İhsanoğlu, habelə ərəb və müsəlman ölkələrinin xarici işlər nazirləri və yüksək səviyyəli rəsmilər iştirak edirdi.

İclaslarda Yaxın Şərqin geo-siyasəti, ABŞ-ın regionda siyasəti, Amerika və müsəlman dünyası arasında münasibətlərin mediada işıqladırılması, müsəlman ölkələrində vətəndaş cəmiyyəti quruculuğu, dini liderlərin ABŞ və müsəlman dünyasında anlaşmada rolu kimi bir sıra məsələlərin müzakirəsi yer aldı.

Yaxın Şərq və Şimali Afrikada baş verən hadisələrə həsr edilmiş müzakirələr zamanı ABŞ-ın bu proseslərdə rolu və iştrakı siyasətçilər və eksperlərin diqqət mərkəzində oldu. Senatoru Kerri ABŞ-ın regionda dominantlıq deyil, əməkdaşlıq etməli olduğunu bildirdi. ABŞ senatoru Con Makkeyn isə Birləşmiş Ştatların Liviyada Müəmmər Qəzzafi qüvvələrinə qarşı hərbi kampaniyada liderliyi yenidən öz üzərinə götürməli olduğu fikrini söylədi. Senator Makkeyn Şimali Afrikada və Yaxın Şərqdə demokratik hərəkatları alqışlayaraq, bu prosesin Çin və Rusiyaya da keçəcəyinə inanmaq istədiyini dedi.

Sabiq Dövlət katibi Madlen Olbrayt regionda başlamış demokratik hərəkatları müasir dövrdə böyük dəyişikliklər yarada biləcək bir qüvvə kimi göstərdi.

Konfrans iştirakçıları regionda son hadisələrin nəticəsi olaraq yeni geo-siyasi reallığın yarandığını vurğuladılar.

ABŞ- İslam Dünyası Forumu 11 sentyabr hücumlarından sonra Amerika və müsəlman ölkələri arasında anlaşma yaratmaq məqsədilə 2004-ci ildən keçirilməyə başlayıb. Forum müsəlman ölkələrinin liderləri ilə Birləşmiş Ştatlar rəsmiləri və siyasətçiləri arasında dialoq şəklində qurulur. Qətər hökumətinin dəstəyi ilə hər il Qətər paytaxtı Dohada keçirilən forum bu il ilk dəfərdir ki, ABŞ-da, paytaxt Vaşinqtonda təşkil edilir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG