Accessibility links

ABŞ-Azərbaycan münasibətlərində qarşılışıqlı anlaşma


ABŞ-Azərbaycan münasibətlərində qarşılışıqlı anlaşma
ABŞ-Azərbaycan münasibətlərində qarşılışıqlı anlaşma

Corc Meyson universitetində keçirilən konfransda müstəqillik dövründə iki ölkə arasında münasibətlərin inkişafı müzakirə edilib

ABŞ-ın Corc Meyson universitetində “ABŞ-Azərbaycan münasibətlərində 20 il ərzində qarşılıqlı anlaşma:yeni nəslin rolu” mövzusunda konfrans keçirilib. Konfrans Amerika Azərbaycan gəncləri təşkilatı və ABŞ Azərbaycanlılarının şəbəkəsi USAN tərəfindən təşkil edilib. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, ABŞ Dövlət katibinin müsəlman ölkələri ilə iş üzrə xüsusi nümayəndəsi Farah Pandit, Belçika Senatının fəxri prezidenti və Qafqaz Araşdırma Mərkəzinin sədri Anna Mariya Lizin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç çıxış edərək müstəqillik dövründə Azərbaycan və Birləşmiş Ştatlar arasında münasaibətlərin əsas istiqamətlərini şərh etdilər.

Səfir Yaşar Əliyev Azərbaycan və ABŞ arasında münasibətlərin qarşılıqlı maraqlar üzərində qurulduğunu qeyd etdi. O, ikitərəfli münasibətlərdə təhlükəsizlik məsələsinin xüsusi önəm daşıdığını qeyd etdi. Onun sözlərinə görə, Sovet İttifaqının dağılması çoxları tərəfindən qarşıdurmanın aradan qaldırılması kimi qarşılandı. Lakin Azərbaycan üçün bu gün ənənəvi təhlükələr hələ də mövcuddur və ərazi bütövlüyünün qorunması problem olaraq qalır. Səfir Azərbaycanın xarici siyasətində prioritet sahə olan təhlükəsizliyin ABŞ-la iqtisadi və demokratik inkişaf kimi digər əməkdaşlıq sahələri ilə bağlı olduğunu xüsusi vurğuladı.

“Milli təhlükəsizlik güclü iqtisadi sistem, yaxşı idarəçilik və qanunun aliliyi olmadan mövcud ola bilməz. Eləcə də təhlükəsizliyin təmin olunmadığı şəraitdə iqtisadi inkişaf və demokratiyaya nail olmaq çox çətin olardı”-deyə səfir Yaşar Əliyev bildirdi.

Yaşar Əliyev enerji layihələrinin gerçəkləşməsinin qərb-şərq enerji dəhlizinin fəaliyyətə başlamasına və Azərbaycanın qlobal təhlükəsizlik sahəsində etibarlı tərəfdaş olmasına gətirib çıxardığını qeyd etdi.

Yaşar Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin Cənubi Qafqaz regionunun Avroatlantik məkana tam interqrasiyasında əsas maneə adlandıraraq qeyd etdi ki, həmsədr ölkələrin Böyük Səkkizlərin sammitində verdiyi bəyanat status –kvo vəziyyətinin davam edə bilməyəcəyini bir daha nümayiş etdirdi.

Səfirin sözlərinə görə, müstəqilliyin 20 ili ərzində Amerikada Azərbaycan haqda biliklər artsa da, Azadlığı müdafiə aktına 907-ci əlavə Konqres tərəfindən hələ də tətbiq edilir. “Biz inanırıq ki, onun götürülməsinin vaxtı gəlib çatıb və 907-ci əlavə aradan qaldırıldıqdan sonra bu, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərdə maneələrin aradan qaldırılmasına və regionda iqtisadi sahədə iqtisadi əməkdaşlığın tam potensialı ilə vüsət almasına gətirib çıxaracaq”-deyə Yaşar Əliyev qeyd etdi.

ABŞ Dövlət katibinin müsəlman ölkələri ilə iş üzrə xüsusi nümayəndəsi Farah Pandit Azərbaycan və ABŞ arasında münasibətlərin Amerikanın müsəlman ölkələri ilə münasibətləri perspektivindən əhəmiyyətini vurğuladı. O, qarşılıqlı anlaşmannı təmin edilməsi məqsədilə Azərbaycana səfərindən danışaraq bildirdi ki, Azərbaycan müxtəlif etnik qrupların birgə yaşadığı ölkələrdən biri kimi seçilmişdi. O, nifrət əleyhinə kampaniya çərçivəsində ölkənin gəncləri il görüşlərini qeyd etdi.

“Azərbaycan gənclərinin bu kampaniyaya reaksiyasını təsəvvür edə bilməzsiniz. Onlar Facebook şəbəkəsində video materiallar, öz gələcəkləri haqda fikirlərini yazıb yerləşdiriblər. Mən öz işimdə Azərbaycan haqda çox danışıram. Çünki Bakıda gənclərlə görüşlərim məndə olduqca böyük təəssürat yaradıb.”

Dövlət katibinin xüsusi nümayəndəsi Amerikanın səsinin sualını cavablandıraraq, Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş ölkə olduğu bildirdi. “Azərbaycan ABŞ üçün mühüm ölkədir, Amerikaya dost və tərəfdaş ölkədir. Azərbaycan gəncləri “2011-Nifrət əleyhinə kampaniya” çərçivəsində öhdəliklərə sadiq olduqlarını nümayiş etdirdilər. Onların ölkənin quruculuğu ilə bağlı fikirləri olduqca böyük əhəmiyyət daşıyır. Azərbaycanın tarixi və müsbət gələcək qurmaq işinə sadiqliyi çox önəmlidir. Bu, həm vətəndaş cəmiyyəti quruculuğu işində, həm də beynəlxalq təşkilatlarla münasibətlərdə vacibdir. Azərbaycan həqitətən də çox mühüm tərəfdaşdır “-deyə Farah Pandit qeyd etdi.

Belçika Senatının fəxri prezidenti və Qafqaz Araşdırma Mərkəzinin sədri Anna Mariya Lizin Avropa və Azərbaycan arasında münasibətləri şərh etdi. Onun sözlərinə görə, Avropa regional problemlərlə məşğul olduğuna görə Azərbaycana ilk illərdə kifayət qədər diqqət ayıra bilməmişdi. Onun sözlərinə görə, enerji layihələrinin gerçəkləşdirilməsi Avropada regiona və xüsusilə də Azərbaycana marağın artmasına səbəb oldu. Xanım Lizin bildirdi ki, Avropa Azərbaycanın düzgün yol seçdiyinə və ölkənin sabitliyinə inanır. Lakin o, Dağlıq Qarabağ münaqişəsinin regionda inkişaf qarşısında problem olaraq qaldığını dedi.

Amerikanın səsinin sualını cavablandıran xanım Lizin Avropa və Azərbaycan gəncləri arasında qarşılıqlı anlaşmanın əhəmiyyətini qeyd etdi. “Fikrimcə, Azərbaycan gəncləri Avropa gənclərindən daha dinamik bir qüvvə kimi çıxış edir. Yaradıcılıq baxımından onların verə biləcəyi töhfələr məncə, daha çoxdur. Gənc azərbaycanlılar arasında çox sayda yaradıcı insan var. Bu, Azərbaycan üçün müsbət bir amildir. Avropa Sovet İttifaqının tərkibində olmayan müstəqil bir ölkə kimi Azərbaycan haqda daha artıq biliklərə malik olmalıdır. Bunun bir yolu təhsil vasitəsilə gerçəkləşə bilər. Azərbaycan gənclərinin Avropanın bütün ölkələrində universitetlərdə təhsil ala bilməsi imkanının olması mühümdür. Azərbaycan Bolonya prosesinə qatılaraq, çox yaxşı bir qərar verib. Qarşılıqlı anlaşmanın yaradılması prosesi sadə proses deyil. Sovet İttifaqının dağılmasından sonra sovet mentalitenin aradan qaldırılması mühümdür. Vətəndaş cəmiyyəti quruculuğu, qadınların hüquqları, neft və qaz kimi əsas enerji sektorları deyil, iqtisadiyyatın digər sahələrində kiçik biznesin inkişaf etdirilməsi kimi sahələrə diqqət verilməsi vacibdir. Məncə, Azərbaycan rəhbərliyi bunu başa düşür“-deyə Anna Maria Lizin bildirdi.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç son 20 ildə Azərbaycanın müstəqil ölkə kimi nailiyyətlərini göstərdi. O, Azərbaycanın ABŞ üçün geo-siyasi əhəmiyyətini qeyd edərək, enerji layihələrinin gerçəkləşməsi və təhlükəsizlik sahəsində əməəkdaşlığı müsbət inkşaflar kimi qeyd etdi. Səfir Kazlariç iki ölkə arasında münasibətlərdə problemli sahələri göstərərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sahəsində irəliləyişin olmamasını qeyd etdi. O, demokratiya və insan hüquqları sahəsində vəziyyətə də toxunaraq bildirdi ki, başqa sahələrdə inkişaf olduğu kimi, burada da inkişaf olması vacibdir.

Bakıda 3 il qalmış bir insan kimi demokratiya və insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlara da toxunmaq istəyirəm. 20 il müddət ərzində Azərbaycan zəngin bir ölkəyə çevrildiyi vaxt Amerika mətbuatında müxalifətçi siyasi liderlərin daha bir qrupunun həbs edildiyinə dair, ya da mətbuata daha çox məhdudiyyətlər qoyulduğuna dair xəbərlərə rast gəlməməliyik. Azərbaycan mühüm, müvəffəq, özünə güvənən bir ölkədir. Siz demokratik inkişaf yolunda bundan daha sürətlə irəliləməlisiniz. Mən tamamilə əminəm ki, siz bunu edə bilərsiniz” –deyə Riçard Kazlariç qeyd etdi.

Səfir Kazlariçin sözlərinə görə, Azərbaycan digər sahələrdə nailiyyətləri əldə etdiyi kimi, bu sahələr də uğur qazanmalıdır. O bunun gəkcə Azərbaycan üçün deyil, bütün region üçün əhəmiyyət daşıdığını bildirərək, qeyd etdi ki, naliyyətlər qədər, ölkənin üzərinə düşən məsuliyyətlər də böyükdür. Belə ki, Azərbaycan müsəlman dünyası üçün zəngin, inkişaf etmiş və mütərrəqi bir dövlət kimi misal ola bilər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG