Accessibility links

ABŞ rəsmisi Amerika-Avropa əməkdaşlığının mühümlüyünü vurğuladı


ABŞ rəsmisi Amerika-Avropa əməkdaşlığının mühümlüyünü vurğuladı
ABŞ rəsmisi Amerika-Avropa əməkdaşlığının mühümlüyünü vurğuladı

Qarşıda duran vəzifələrdən danışarkən Filip Qordon NATO-nun strukturlarında nəzərdə tutlan islahatların həyata keçirilməsi, ABŞ-la Avropa arasında ticarət sahəsində mövcud olan maneələrin aradan qaldırılması və ATƏT-ə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə olan ehtiyacdan söz açdı.

Oktyabrın 18-də Cons Hopkins Universitetinin Paul H. Nitze adına Beynəlxalq Araşdırmalar Mərkəzinin Transatlantik Münasibətlər Mərkəzində çıxış edən ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə yardımçısı Filip Qordon Birləşmiş Ştatlar və Avropa arasında əməkdaşlığın yeni istiqamətləri barədə məruzə söylədi. Filip Qordon çıxışının əvvəlində bildirdi ki, vaxtikən soyuq müharibə dönəmində Amerika ilə Avropa arasında münasibətlər Sovet kommunizmini məğlub etməyə əsaslanırdı. Lakin 21-ci əsrdə dünya ictimaiyyəti İrandan tutmuş Əfqanıstanadək müxtəlif növ təhlükələrlə üzləşir ki, bunların qarşısını almaq ABŞ-la Avropa dövlətləri arasında sıx əməkdaşlıq tələb edir. “ABŞ-Avropa əməkdaşlığı strateji hədəflərimizə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. Bu, soyuq müharibə dönəmində həqiqət idi və indi də həqiqətdir.”

ABŞ-Avropa əməkdaşlığının genişlənməsində Dövlət Departamentinin rəsmisi Obama administrasiyasının ciddi nailiyyətlər əldə etdiyini söylədi. ABŞ hökumətinin əməkdaşlıqla bağlı strateji hədəflərini sadalayan cənab Qordon rəsmi Vaşinqtonun prioritetlərindən danışdı. Onun sözlərinə görə Əfqanıstanda müharibə, İranın nüvə proqramı və qlobal iqtisadi böhran kimi problemlərin öhdəsindən gəlmək üçün Avropa ilə əməkdaşlıq Amerikanı legitimlik, resurs və ideya baxımından gücləndirir. ABŞ həmçinin Avropa “tarixi layihəsini” həyata keçirməyə can atır ki, bu layihəyə Mərkəzi və Şərqi Avropa ölkələrində yeni demokratiyaların gücləndirilməsi və sabitliyin bərqərar olması daxildir. Sonuncu hədəf olaraq Filip Qordon Rusiya ilə münasibətlərin normallaşdırılmasından danışdı. Onun sözlərinə görə Amerika Rusiya ilə bir sıra ortaq maraqlar bölüşür ki, bu sahələrdə əməkdaşlıq hər iki xalqın mənafeyinə xidmət edərdi.

Obama administrasiyası dönəmində əldə olunan nailiyyətlərdən danışarkən cənab Qordon prezident Barak Obamanın Əfqanıstan siyasətinə dair 2009-cu ilin noybarında söylədiyi nitqdən bəri 7 min əlavə Avropa əsgərinin Əfqanıstana göndərildiyini və avropalıların Əfqan Milli Ordusunu qurmaq üçün 300 milyon dollar ayırdıqlarını söylədi. İrana gəldikdə, o, sanksiyalar rejiminin Avropa İttifaqı ilə əməkdaşlığın sayəsində sərtləşdirildiyini önə çəkdi. Bundan əlavə o, qlobal raketdən müdafiə sisteminin təşəkkül tapmasında və qlobal iqtisadi böhrana qarşı mübarizədə birgə səylərin təsirlərini sadaladı.

Avropa sülh zonasının genişləndirilməsindən danışan amerikalı rəsmi dövlət katibi Hillari Klintonun Ukrayna, Qafqaz və Balkana səfərini vurğuladı. “Bu coğrafi məkanlar ABŞ siyasəti üçün mühüm əhəmiyyət kəsb edir və bizim qənaətimiz budur ki, bu dövlətlər demokratik, sabit və firavan olmayanadək və Avroatlantik strukturlara inteqrasiya etməyənədək Avropa tam olmayacaq.” Cənab Qordon bu hədəfə nail olmaq məqsədilə ABŞ-ın Avropa İttifaqı ilə yaxından əməkdaşlıq etdiyini söylədi və Avropa dəyərlərinin şərqə doğru irəliləməsinin Vaşinqton üçün prioritet olduğunu bildirdi.

Rusiya ilə siyasətə gəlincə Filip Qordon bu yaxınlarda imzalanmış START müqaviləsini diqqətə yetirdi. Onun sözlərinə görə həmin müqavilə ABŞ və Rusiyanın arsenalında olan nüvə silahlarının azaldılması yönümündə son 20 ildə atılmış mühüm bir addımdır. O, həmçinin Rusiya ilə əməkdaşlıq sayəsində Əfqanıstanda qoşunların təchizat marşrutunun nizama salındığını və İrana S-300 tipli raketlərin satılmasının qarşısının alındığını bildirdi. Bununla belə cənab Qordon ABŞ-ın Avropa dövlətlərinin suverenlyi və ərazi bütövlüyünə dair götürdüyü öhdəliklərə tam sadiq qaldığını vurğuladı.

Qarşıda duran vəzifələrdən danışarkən Filip Qordon NATO-nun strukturlarında nəzərdə tutlan islahatların həyata keçirilməsi, ABŞ-la Avropa arasında ticarət sahəsində mövcud olan maneələrin aradan qaldırılması və ATƏT-ə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə olan ehtiyacdan söz açdı. Cənab Qordon ümid etdiyini bildirdi ki, Astana sammiti sivil cəmiyyətlərin inkişafı, söz azadlığının təminatından əlavə hərbi-siyasi və iqtisadi tərəfdaşlığın istiqamətlərinin müəyyən edilməsinə yardım göstərəcək.

Tədbirdən sonra başlanan sual-cavab sessiyasında Filip Qordon jurnalistin Türkiyə-Ermənistan yaxınlaşmasına dair verdiyi sualı cavablandırdı. Cənab Qordon ABŞ-ın Sürixdə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin normallaşmasına dair imzalanan protokolların taleyi ilə bağlı ABŞ-ın rəsmi mövqeyinə aydınlıq gətirdi. “Biz istəyirdik ki, hər iki ölkə protokolları ratifikasiya etsin və onları icra etsin. Biz inanırıq ki, belə bir addım Qafqazda sülhə və sabitliyə xidmət edərdi. Bu, baş vermədi. Və biz bundan təssüflənirik. Ola bilsin ki, gələcəkdə bunun üçün daha münasib şərait yarandı.” Filip Qordonun sözlərinə görə istər Türkiyə və Ermənistan, istərsə də Ermənistanla Azərbaycan arasında barışıq olmalıdır. Belə bir barışıq ABŞ maraqları üçün mühüm əhəmiyyət kəsb edir, deyə amerikalı rəsmi bildirdi.

XS
SM
MD
LG