Accessibility links

ABŞ Senatına ermənilərin iddia etdiyi soyqırıma dair yeni qətnamə təqdim edilib


ABŞ Senatına 1915-ci ildə Osmanlı imperatorluğu dövrü ermənilərin qətllərinin soyqırım kimi tanınmasına çağıran yeni bir qanun layihəsi təqdim edilib.

ABŞ Konqresinə hər il təqdim edilən layihələr kimi 399 saylı qətnamədə də erməni soyqırımının tanınmasına çağırılır və Amerika xarici siyasətində bu mövzu ilə əlaqədar həssaslığın əks etdirilməsi istənilir.

New Cersi ştatından erməni lobbisinin dəstəklədiyi demokrat senator Robert Menendes tərəfindən təqdim edilən layihə icbari xarakter daşımır. Layihəyə artıq bəzi senatorlar dəstək bildirib. 10 senatorun imza atdığı layihə nəzərdən keçirilmək üçün Senatın Xarici Əlaqələr Komitəsinə göndərilib.

Buna oxşar layihə iyun ayında Konqresin Nümayəndələr Palatasına təqdim edilmişdi. Nümayəndələr Palatasına təqdim edilmiş 304 saylı qanun layihəsinin də Xarici Əlaqələr Komitəsində nəzərdən keçirilməsi gözlənilir.

Konqresdə əvvəlki illər ermənilərin iddia etdiyi soyqırımla bağlı qanun layihələrinin təsdiq edilməsinə baxmayaraq, ABŞ administrasiyaları bu təşəbbüslərə dair fəaliyyət göstərməmişdir.

Konqres üzvləri tərəfindən hazırlanan bu layihələrin sanksiya gücü yoxdur. Sənədlər imzalanmaq üçün ABŞ prezidentinə göndərilmir və icbari xarakter daşımır.

Administrasiyanın rəsmi nümayəndələri ABŞ Konqresində ermənilərin iddia etdiyi soyqırıma dair layihələrin gündəmə gəlməsinin Türkiyə və Amerika arasında münasibətlərə mənfi təsir göstərdiyini bəyan ediblər.

XS
SM
MD
LG