Accessibility links

ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru COVİD-ə yoluxma hallarının artmasından narahatdır


ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru bazar ertəsi daha çox ştat məhdudiyyətləri yüngülləşdirdikcə və ölkə boyu daha çox insan səyahət etdikcə koronavirus hallarında qarşısı alına bilən artım olacağından narahat olduğunu bildirib.

Ağ Evin COVID-19 İşçi Qrupunun virtual brifinqi zamanı Roşel Valenski deyib ki, ABŞ-da son bir həftədə gündəlik yoluxma halları artaraq, 53,800-ə yüksəlib, iki həftə ərzində isə yoluxma hallarının sayı 50,000-lə 60,000 arasında olub.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru ABŞ ştatlarında virusun yeni ştamlarına yoluxma sayının artdığını, əsasən də ölkənin ən çox məskunlaşmış ştatı olan Kaliforniyada yoluxmaların 52 faizini yeni ştamların təşkil etdiyini deyib.

Valenski bu göstəricilərin bütün amerikalılara pandemiyanın bitmədiyinə dair xəbərdarlıq olmalı olduğunu deyib.

"Başa düşürəm, hamımız gündəlik həyatımıza qayıtmaq və ailəmiz, dostlarımız və sevdiklərimizlə vaxt keçirmək istəyirik" - deyə, o bildirib.

Valenski ABŞ-ın pandemiyanın kritik bir mərhələsində olduğunu və ölkənin doğru addımlar atmadığı halda hazırda Avropada müşahidə olunduğu kimi qarşısı alına biləcək artıma doğru gedə biləcəyindən narahat olduğunu deyib.

Ağ Evin İşçi Qrupu ABŞ-da 81 milyon insanın - əhalinin təxminən 25 faizinin peyvəndin bir dozasını, 41 milyonun isə - əhalinin təxminən 13 faizinin hər iki dozasını aldığını bildirib.

Valenski 65 yaşdan yuxarı insanların təxminən 69 faizinin peyvəndin azı bir dozasını, 42 faizinin isə peyvəndin hər iki dozasını aldığını deyib.

Onun sözlərinə görə, statistika peyvəndin təsirinin olduğunu göstərir, belə ki, pandemiya başlayandan bəri təcili yardım mərkəzlərinə ilk dəfə olaraq 65 yaşadək insanlar daha çox müraciət edir.

Brifinqdə ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi, doktor Entoni Fauçi AstraZeneca peyvəndinin ABŞ-da keçirilən son sınaqlarının nəticələrini müsbət qiymətləndirdiyini deyib. O bildirib ki, bu sınaqlar vaksinin bütün yetkinlər arasında azı 79 faiz təsirli olduğunu göstərib, sınaqlar zamanı heç kimdə ciddi yan təsir və ya sağlamlığa başqa bir təsir olmayıb.

XS
SM
MD
LG