Accessibility links

ABŞ-a gələn ilk azərbaycanlı kim olub? [Amerikana]


Amerikana: Ellis Adası və ABŞ-a gələn ilk azərbaycanlı
please wait

No media source currently available

0:00 0:05:14 0:00

Amerikana: Ellis Adası və ABŞ-a gələn ilk azərbaycanlı

Amerikana proqramı Ellis adası və ABŞ-a gələn ilk azərbaycanlını araşdırır

Nyu-York şəhərinin bir addımlığında olan Ellis Adasından ABŞ-a 25 milyondan çox insan daxil olub. Çoxları üçün bu ada amerikalı olmaq istiqamətində ilk dayanacaq, ilk addım idi. Ellis adasının ən çox mühacir qəbul etdiyi illər 1892-1954-cü illərdə olub. Elə ilk azərbaycanlının da ABŞ-a gəlişi bu dövrə təsadüf edir. Bu barədə bir qədər sonra danışacağıq, hələlik isə Ellis Adasının əvvəlki və sonrakı tarixindən bəhs edən sərgiyə nəzər salırıq.

Nyu-York buxtasındakı Ellis Adası hazırda turist məkanıdır. Ada bu cəhətdən yalnız Azadlıq Abidəsindən geri qalır. Çoxları buraya öz əcdadlarını tapmaq, onların öz ölkələrini nə üçün tərk etməsi haqda məlumat əldə etmək üçün gəlir.

Ancaq əlbəttə ki, Ellis Adası açılmamışdan əvvəl və ada bağlanandan sonra da ABŞ-a çoxsaylı mühacir gəlib. “Amerikada köksalma” adlanan sərgi bütün mühacirət dövrlərinə həsr olunub.

İnsanların minilliklər boyu miqrasiyasını göstərən qlobusla açılan sərgi geniş mənzərəni əhatə edir.

Stefan Briqanti Azadlıq Abidəsi-Ellis Adası Fondunun icraçı direktoru və prezidentidir: "Çox adam Ellis Adasına gəlib deyir ki, burada mənə aid heç nə yoxdur. Burada məndən danışılmır, mən buraya ya daha əvvəl, ya da çox guman sonra gəlmişəm. Amma siz bu barədə danışmırsınız. Ona görə, birincisi mövzudan kənara çıxmamağa çalışdıq, ikincisi isə inandıq ki, insanların tam hekayəsi danışmaq düzgün addımdır və biz bunu düzgün yerdə etdik".

Sərgi Amerikanın kəşfinin ilk günlərini, koloniyaları və yerli amerikalılarla münaqişələrə də nəzər salır.

Hazırki ziyarətçilərin azad insanlar olmasına baxmayaraq, sərginin tərtibat dizayneri Kley Qiş deyir ki, sərgi ABŞ-ın quldarlıq və muzdlu işçi tarixinin nümayişindən utanmır: “Bəli, quldarlıq olub. Bəzi insanlar öz iradəsindən asılı olmayaraq bura gətirilib, ancaq onlar bu səfər təcrübəsini yaşayıb və yeni torpağa öyrəşməli olub”.

ABŞ-a gələn ilk azərbaycanlı haqqında dövlət sənədi
ABŞ-a gələn ilk azərbaycanlı haqqında dövlət sənədi

Quldarlığın qurbanı olmasa da, ABŞ-a gələn ilk azərbaycanlı da bütün mühacirlər kimi yeni torpaqda bir çox çətinliklərlə üzləşib.

Ellis adası Amerikaya gələn ilk azərbaycanlı üçün də mühüm rol oynayıb. Belə ki, Mirzə Əli Əkbər adlı azərbaycanlı 1912-ci ilin iyununda Mavritaniya gəmisi ilə Rusiyadan Amerikaya məhz bu ada vasitəsilə gəlib.

Ellis Adasının tarixi sərnişin arxivindən axtarıb tapdıq ki, Mirzə Əli Əkbər ABŞ-a gələndə 40 yaşı olub. O, son yaşayış yeri Azərbaycan ərazisi olan ilk Ellis miqrantı kimi tarixə düşüb. Baxmayaraq ki, sənəddə məkan Bakı, Rusiya kimi qeyd edilib. Dövlət sənədlərində onun yəhudi kimi qeydə alındığı göstərilir. Məlumatda deyilir ki, 25 milyon mühacirdən biri olmuş Mirzə Əli Əkbər sonuncu dəfə Liverpul limanını tərk edib və 1912-ci il iyunun 7-də Ellis adasına çatıb.

Ancaq 20 milyon dollara başa gələn müasir sərgidə onun adı yer almayıb. Çünki sərgi əsasən 1954-cü ildən sonra ABŞ-a leqal və qeyri-leqal yolla təyyarə, piyada və əldəqayırma qayıqlarla gəlmiş insanları əhatə edir. Maykl Şnayder sərgidə texnologiya və medianı dizayn edib.

Liverpul limanını tərk edən Mavritaniya gəmisi
Liverpul limanını tərk edən Mavritaniya gəmisi

“Biz fərdlərin həkayələrini real mühacirlərlə spesifik müsahibələr və onların səfər zamanı yaşadıqları təcrübələr əsasında danışırıq”.

Bu sərgi mühacirətin simasının və sentimentlərin dəyişdiyini əks etdirir. Ziyarətçilərdən biri bunu belə izah edir.

“Maraqlıdır ki, bir əsr əvvəl biz mühacirlərin qəbuluna çox meylli idiksə, indi onlara eyni münasibəti göstərmirik”.

İcraçı direktor Briqanti isə mühacirəti Amerika DNK-nın bir hissəsi adlandırır. O deyir ki, biz bəzən hadisələri qəlizləşdiririk. Ancaq sübhəsizdir ki, ABŞ mühacirlər ölkəsidir və belə olaraq da qalacaq.

XS
SM
MD
LG