Şənbə büdcə layihəsi Senatda təsdiq olunmaması nəticəsində ABŞ höküməti qismən bağlanıb. Son büdcə planı Vaşinqton saatı ilə cümə gecə saat 12-də qüvvədən düşüb və beləcə hökümətin bütün qeyri-zəruri xidmətləri dayandırılıb.
Senatorlar şənbə gündüz saatlarında fevralın 8-ə dək davam edəcək müvəqqəti büdcə planı üzərində danışıqlar aparacaq.
Cümə günü bir sıra respublikaçı büdcə layihəsini dəstəkləsə də, bir neçə demokrat əleyhinə çıxıb. Qanun layihəsinin təsdiq olunması üçün 100 üzvlük Senatın 60 üzvününü səsəinə ehtiyac var.
Ağ Ev büdcə planı ilə bağlı razılığın əldə olunmamasına dərhal reksiya bildirib. Ağ Ev yaydığı bəyanatda hökümətin bağlanmasına görə Senat demokratlarını günahlandırıb və qanunvericiləri qanunsuz mühacirləri qanunu Amerikalılardan daha üstün tutmaqda ittiham edib. Bəyanatda deyilib “ Demokratlar silhalı qüvvələrimiz və təcili yardım işçilərinin pulunu ödəməyə başlayanda biz immiqrasiya islahatları ilə bağlı danışıqları bərpa edəcəyik.”
Prezident Donald Tramp şənbə səhər Twitter səhifəsində “Demokratlar qanunsuz mühacirlər ilə bizim güclü ordumuz və ya təhlükəli cənubi sərhədimizdəki təhlükəsizlikdən daha çox maraqlanır. Onlar asanlıqla razılıq əldə bilərdilər, amma höküməti bağlamaq siyasətinə üstünlük verdilər”, yazıb.
Nümayəndələr Palatasının respublikaçı liderləri də Ağ Evin bəyanatına bənzər fikirlər irəli sürüb.
Spiker Pol Rayan deyib ki, “demokratlar öz elektoratının yumşaltmaq üçün hər şeyi edər, hətta federal höküməti belə bağlayar.” O hökümətin bağlanmasını “ehtiyatsız” və “təhlükəli siyasi kələk” adlandırıb.
Nümayəndələr Palatasının yeksək səviyyəli demokrat üzve Steni Hoyer Respublikaçıların tənqidlərinə belə cavab verib: Respublikaçılar bizim dəstəyimizə ehtiyaclarının olduğunu bilə-bilə partizan proses yürütməkdə israr etdi. İndi isə hakim partiya olaraq ən təməl öhdəliklərini yerinə yetirə bilmədikləri üçün, müvəqqəti büdcə planını qəbul etmədiklərinə görə demokratları günahlandırırlar.”
Demokrat lideri Nensi Pelosi Donald Trampın “liderlikdə uğursuzluq” əldə etdiyinə görə “2” qiymətini aldığını deyib.
“Nümayəndələr Palatası, Senat və Ağ Evə nəzarət etmələrinə baxmayaraq, Respublikaçılar o dərəcədə laqeyddirlər ki, höküməti açıq tuta bilmədilər,” o söyləyib.
Daha öncə hər iki partiyanın qanunvericiləri bir-birini günahlandırıb. Prezident Donald Tramp isə hakimiyyətin bağlanmasının əks təsirlərinin olacağı barədə xəbərdarlıq edib və demokratların büdcə layihəsinin əleyhinə diqqəti prezidentin iqtisadi nailiyyətlərindən çəkmək üçün siyasi oyun oynadığını deyib.
Demokrat Tim Keyn isə buna cavab olaraq kokusundakı heç kəsin “hökümətin bağlanmasının istəmədiyini”deyib və daha sonra prezident Trampın ötən il atdığı bir tvitdə Amerikanın “hökümətin bağlanmasına ehtiyacının olduğunu” bildirdiyini xatırladıb.
“Hökümətin bağlanmasından sevincli və istəkli şəkildə tək bir insan bəhs edib, o da prezidentdir,” Keyn deyib.
Federal agentliklər işçilərini müvəqqəti olaraq işdən kənarlaşdırmağa və əməlyyatlarının böyük hissəsini dayandırmağa hazırlaşır.
Şənbə günü bu çıxılmaz vəziyyəti həll etmək üçün Konqresin respublikaçı və demokrat liderləri, habelə Ağ Evin də iştirakı ilə danışıqlar davam edəcək.
Cümə günü Tramp ilə Senatın ən yüksək səviyyəli demokratı, azlıq lideri Çak Şumer arasında keçirilən görüş zamanı heç bir irəliləyiş əldə olunmayıb.