Accessibility links

“Azərbaycan ABŞ üçün güclü tərəfdaş ölkədir”


Prezident İlham Əliyev ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallini qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasında iqtisadi əlaqələrdə enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirib. Səfir bu gün Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunun əhəmiyyətini qeyd edərək bu tədbirin ölkələr arasında biznes əlaqələrinin qurulması üçün yaxşı imkanlar yaratdığını deyib. O, bu forumda əsas məqsədlərdən birinin Azərbaycanın üzləşdiyi çağırışların həlli yollarının müzakirəsindən ibarət olduğunu bildirib. Səfir dünyada neftin qiymətinin kəskin dəyişməsinin iqtisadi vəziyyətə təsir etdiyini vurğulayıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il keçdiyini vurğulayan səfir bu illərdə Azərbaycanın ABŞ üçün güclü tərəfdaş ölkə olduğunu bildirib və ABŞ-ın Azərbaycanda baş verən bütün müsbət dəyişiklikləri yüksək qiymətləndirdiyini deyib.

Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini, mühüm enerji layihələrinin sürətlə həyata keçirildiyini qeyd edərək hazırkı şəraitdə əsas diqqətin qeyri-neft sahəsində də əməkdaşlığa yönəldilməsinin önəmini vurğulayıb və ABŞ ilə qeyri-neft sektorunda daha fəal əməkdaşlığının həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Dövlət başçısı ABŞ-ın Azərbaycanın qeyri-neft sektoruna daha çox investisiya qoymasında ölkəsinin maraqlı olduğunu deyib və daha çox praktiki nəticələrin əldə edilməsinin vacibliyini bildirib. Bu baxımdan prezident Əliyev ABŞ-ın orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin Azərbaycanı daha çox tanımaları ilə bağlı təqdimatların keçirilməsinin önəmini qeyd edib.

ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli ABŞ ticarət nazirinin Azərbaycan-ABŞ biznes əlaqələrinə prezident Əliyevin verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib.

XS
SM
MD
LG