Accessibility links

Azərbaycan-ABŞ biznes forumu keçirilib [Video]


Azərbaycan-ABŞ biznes forumu keçirilib
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Forumda Azərbaycanın və Amerikanın dövlət rəsmiləri, biznes təmsilçiləri iştirak edib

Dekabrın 1-də ADA Universitetində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və ADA Universitetinin təşkilatçılığı ilə Azərbaycanın ABŞ-dakı və ABŞ-ın Azərbaycandakı səfirliklərinin dəstəyi, həmçinin “Pasha Bank”ın maliyyə dəstəyi ilə 1-ci Azərbaycan-ABŞ Biznes Forumu keçirilib.

İki ölkə arasında biznes əlaqələrinin perspektivləri, yeni əlaqələrin qurulması, yeni biznes imkanlarının aşkarlanması, qanunvericilik bazası, şəffaflıq, korrupsiyaya qarşı mübarizə, bankçılıq və maliyyə, enerji və sənaye, kibertəhlükəsizlik və onlayn ticarət, kənd təsərrüfatı və ticarət, nəqliyyat məsələləri forumun əsas mövzularıdır.

AzərbaaycanABŞ biznes forumu
AzərbaaycanABŞ biznes forumu

Forumda Azərbaycanın vergilər naziri Fazil Məmmədov, gömrük komitəsinin sədri Aydın Əliyev, xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, AmCham-ın prezidenti İlqar Vəliyev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ Ticarət katibliyinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli və digər rəsmi şəxslər iştirak edib.

Biznes forumda həmçinin hər iki ölkənin çoxsaylı biznes nümayəndələri, o cümlədən ABŞ-ın “Honeywel”, “İnternational Development of Reinke”, “AGKO Corporation”, “John Deere”, “Commercial Airplanes Boeing”, “TERA İnternational Group İnc” kimi dünyada tanınmış şirkətləri iştirak edib.

Hafiz Paşayev, Fazil Məmmədov və Elin Süleymanov
Hafiz Paşayev, Fazil Məmmədov və Elin Süleymanov

​Xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib ki, Azərbaycan-ABŞ biznes münasibətlərinin perspektiv inkişafı vacibdir. AmCham iki ölkənin münasibətlərinin formalaşmasında mühüm rol oynayır.

“Biz də ABŞ-da Azərbaycan Ticarət Palatası yaratmışıq. Mənim səfirliyim dövründə bu palata Azərbaycanın maraqlarının ABŞ-da təbliği sahəsində çox mühüm işlər aparırıdı. Palatanı dünyada tanınmış şirkətlər təsis edib. Məruzəçilərimiz Henri Kissincer, Zbiqnev Bzejinski, Riçard Luqar və başqa tanınmış simalar idi. Ümid edirəm ki, ABŞ-dakı Azərbaycan Ticarət Palatası gələcəkdə də bu səviyyəni saxlayacaq”, o qeyd edib.

Azərbaaycan-ABŞ biznes forumu
Azərbaaycan-ABŞ biznes forumu

Paşayev həmçinin bildirib ki, ticarət palatasını təsis edən şirkətlər iki ölkə arasında biznes əlaqələrinin inkişafında, Azərbaycan vətəndaşlarının Amerika universitetlərində, o cümlədən Harvard Universitetində təhsilə cəlb olunmasında mühüm işlər görüb.

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı biznes ittifaqıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 280-dən çox üzvdən ibarətdir.

Robert Sekuta və Elin Süleymanov
Robert Sekuta və Elin Süleymanov

“Biz Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edirik. Palatanın sənaye sahə komitələri vasitəsilə üzvləri məlumatları bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. AmCham üzvü olaraq, şirkətlər və təşkilatlar Azərbaycan və ABŞ hökumətlərinin biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə daxil olmaq imkanı qazanır”, AmCham-ın prezidenti İlqar Vəliyev bildirib.

O, AmCham-ın Azərbaycanda iqtisadi islahatlara dəstək məqsədi ilə ”Ağ sənəd 2016” adlı təkliflər paketini hazırladığını deyib.

Sənəd bank və maliyyə sektoru, korporativ sosial məsuliyyət, informasiya və kommunikasiya texnologiyaları, əmək və miqrasiya, miqrasiya qanunvericiliyi ilə bağlı məsələlər, vergi, turizm, şəffaflıq, məhkəmə müstəqilliyi və hakim etikası, gömrük, brendin qorunması sahələri ilə bağlı təkliflər paketidir.

“Biz Azərbaycan hökuməti ilə yaxından işləyib təkliflərimizin reallaşdırılmasına çalışacağıq”, Vəliyev qeyd edib.

Forumda yerli biznes mühiti, xarici investisiyaların cəlbi üçün lazımi qanunvericilik bazası, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, təhsil və digər faktorlar da diqqət mərkəzində olub.

“Biznesmenlər ilk öncə investisiya qoyacağı ölkədə biznes mühitinin necə olmasını, korrupsiyaya qarşı mübarizəni, şəffaflığı, əmlakın qorunmasını və təhsil sahəsində müvəffəqiyyətləri öyrənir”, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qeyd edib.

Azərbaaycan-ABŞ biznes forumu- səndələrin imzalanması
Azərbaaycan-ABŞ biznes forumu- səndələrin imzalanması

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə deyib ki, ABŞ Azərbaycanın əsas tərəfdaşı olaraq qalır.

“Bakıdan Nyu Yorka, Çikaqoya aviareyslərinin olması biznesin inkişafına təkan verir. Təhsil sahəsində əməkdaşlığımız da inkişaf edir”, o qeyd edib.

Süleymanovun sözlərinə görə, 2017-ci il martın 1-2-də Azərbaycanın Vaşinqtonda böyük biznes konfransı keçiriləcək və may ayında “İpək Yolu” nəqliyyat forumu təşkil ediləcək.

ABŞ Ticarət katibliyinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli Azərbaycan və ABŞ biznes icmasının nailiyyətlərindən danışıb və bu uğurda AmCham-ın yerinin birinci olduğunu deyib.

“Biznes əlaqələrinin inkişafı üçün 20 təklif irəli sürülüb. Biz bu tövsiyələrlə işləməyə hazırıq”, o qeyd edib.

Vergilər naziri Fazil Məmmədov iki ölkə arasında biznesin inkişafı sahəsində vergi siyasətinin mühüm rol oynadığını önə çəkib. Onun fikrincə, Azərbaycanda iqtisadi islahatların əsasını qeyri-neft sektorunun inkişafı və biznes mühitinin genişləndirilıməsi təşkil edir.

“Vergilər nazirliyi AmCham-la əməkdaşlıqda maraqlıdır. Biz vergi islahatları zamanı AmCham-ın təkliflərindən istifadə edirik”, nazir qeyd edib.

Forum çərçivəsində Azərbaycanın Gömrük Komitəsi ilə AmCham arasında palataya daxil olan şirkətlərin mallarının və nəqliyyat vasitələrinin “Yazıl dəhliz” buraxılış sistemindən istifadənin təşviq edilməsi işinin təşkili üzrə Anlaşma Memorandumu imzalanıb.

XS
SM
MD
LG