ABŞ-ın həyatda olan beş keçmiş prezidenti şənbə günü Birləşmiş Ştatlar və ABŞ-ın Puerto Riko və Vircin adalarındakı ərazilərində son aylar baş vermiş qasırğaların qurbanları üçün xeyriyyə konsertində iştirak edib.
Keçmiş prezidentlər Barak Obama, Corc Buş oğul, Bill Klinton, Cor Buş ata və Cimmi Karter Texas ştatında keçirilən konsertdə iştirak ediblər.
Birlik işarəsi olaraq tədbirə qatılmayan prezident Donald Tramp video mesajında keçmiş prezidentlərə vətəndaşlara yardım göstərmək məqsədilə müstəsna rollarına görə təşəkkürünü bildirib.
“Bu səhnədə hamımız amerikalıların cavabından çox böyük qürur duyuruq. Qonşularını və dostlarını, yardıma ehtiyacı olan başqalarını görəndə amerikalılar ayağa qalxır”, keçmiş prezident Obama bildirib.
Klinton görüləcək hələ çox iş olduğunu deyib. “Biz görməli olduğumuz işi görsək bu yeni başlanğıc olacaq və bir daha sübut etmiş olacaq ki, irqi, dini, ya da siyasi partiyasından asılı olmayaraq Amerikanın ürəyi bizim problemlərimizdən daha böyükdür”, Klinton bildirib.
Keçmiş prezidentlərin təşkilatı One America Appeal (Bir Amerikanın çağırışı) adlanır. Keçmiş prezident Corc Buş atanın ofisinin bildirdiyinə görə, təşkilat artıq 80 mindən artıq donorun özəl fondlarından 31 milyon dollar toplayıb.
Konsertdə iştirak edən müğənni Lady Gaga qasırğa qurbanlarına yardım fonduna 1 milyon dollar ianə etdiyini deyib. O bildirib ki, qasırğanın təsirinə məruz qalmış insanlar üçün “psixoloji və emosional travmalarla mübarizə proqramı” yaradılacaq.
Harvi və İrma qasırğalarının vurduğu zərərin 300 milyard dollar təşkil etdiyi və bərpa işlərinin aylar və illər sürə biləcəyi bildirilir.
ABŞ-ın həyatda olan beş keçmiş prezidenti sentyabr ayında Texas ştatında baş vermiş Harvi qasırğasından sonra təbii fəlakət qurbanlarına yardım məqsədilə birlikdə fəaliyyətə başlayıb. Bundan sonra İrma və Mariya qasırğaları Puerto Riko, ABŞ-ın Vircin adaları və Floridada dağıntılar yaradıb.